Sloveniyada IV Qlobal Bakı Forumu ilə əlaqədar görüşlər keçirilib

Sloveniyada IV Qlobal Bakı Forumu ilə əlaqədar görüşlər keçirilib
# 01 dekabr 2015 09:59 (UTC +04:00)

Bakı – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində müzakirələr aparılıb.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sloveniya prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.

Görüşdə Sloveniya prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı layihələr və IV Qlobal Bakı Forumuna hazırlıq mərhələsi ilə bağlı ətraflı məlumat verilib. Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri adından IV Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət məktubu B. Pahora təqdim edilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti səfər zamanı Sloveniya Xarici İşlər Nazirliyinin təşkil etdiyi Bled Strateji Forumun baş katibi Alain Brian Berqantla də görüş keçirib. Görüşdə iki qurum arasında əməkdaşlığın mümkün perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Müasir dövrdə Avropa və dünyanın üzləşdiyi problemlərin həlli yolunda öhdəliklərin yaradılmasını qarşısına məqsəd qoyan Bled Strateji Forumu son illərin yüksək səviyyəli uğurlu strateji dialoq platformasına çevrilib. Hər il Avropadan, eləcə də dünyadan özəl və ictimai sektoru təmsil edən liderlərin iştirakı ilə təşkil olunan Forumu Sloveniya Xarici İşlər Nazirliyi və Avropa Perspektivləri Mərkəzi birgə keçirir.

Qeyd edək ki, IV Qlobal Bakı Forumuna hazırlıqla bağlı Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Monteneqro, Xorvatiya və Yunanıstanın dövlət və hökumət başçıları ilə müzakirələr aparılıb. IV Qlobal Bakı Forumunu 2016-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR