Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir

Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir
# 24 oktyabr 2015 15:01 (UTC +04:00)

Bakı – APA. 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.

APA-nın məlumatına görə, J. Əliyeva bu dəfə Zərdab rayonunun Məmmədqasımlı və Gödəkqobu kənd sakinləri ilə görüşüb.


J. Əliyeva görüşdə bildirib ki, bu gün Azərbaycan sürətli inkişaf yolunda inamla addımlayır. O qeyd edib ki, ölkəmiz davamlı iqtisadi inkişaf göstəricilərinə görə bölgənin bütün, dünyanın isə bir çox dövlətlərini qabaqlayır. J. Əliyevanın sözlərinə görə, Azərbaycan xalqının sosial rifahının daha da yüksəldilməsi daim prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.


Sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, o bir millət vəkili bu illər ərzində Zərdab və zərdablıları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb: "Seçicilərinin bütün problemlərinə fərdi şəkildə yanaşaraq, onların həlli üçün əlimdən gələni etməyə çalışmışam. Xüsusilə, qadınların hüquqları, ailə və uşaq mövzuları daim deputat kimi fəaliyyətimin əsas istiqamətlərini təşkil edib. Bu kateqoriyadan olan seçicilərimin qaldırdıqları məsələlərə dair təkliflərlə çıxış etmişəm, bu sahədə olan problemlərin həlli üçün müvafiq qurumlarla sıx əməkdaşlıq etmişəm. Bu fəaliyyətimdə mənə dəstəyini əsirgəməyən bütün seçicilərimə çox təşəkkür edirəm!".


Öz növbəsində seçicilər yaşadıqları kəndlərdə təbii qaz probleminin artıq həll olunduğunu, Azərbaycan dövlətinin göstərdiyi yüksək qayğıdan olduqca razı olduqlarını dilə gətiriblər. Kənd sakinləri J. Əliyevanın deputatlıq fəaliyyətini yüksək qiymətləndirdiklərini, onun hər zaman zərdablıların Milli Məclisdəki səsi olduğunu bildiriblər. Seçicilər seçkilərdə daim onların yanında olan namizədə - Jalə Əliyevaya səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR