DMX rəisi Gürcüstan səfiri ilə görüşüb

DMX rəisi Gürcüstan səfiri ilə görüşüb
# 13 noyabr 2015 13:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov –APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə F. Nəbiyev Azərbaycanla Gürcüstan arasında uzun əsrlər boyu mehriban qonşuluq və dostluq münasibətlərinin olmasını xatırladaraq, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində uğurlu əməkdaşlığın formalaşdığını diqqətə çatdırıb.

Xidmət rəisi Gürcüstanın Azərbaycandakı səfiri ilə əvvəlki görüşləri zamanı aparılmış səmərəli müzakirələrin uğurlu nəticələrinə toxunub.

F. Nəbiyev ölkəmizdə vətəndaşlıq məsələlərini tənzimləyən qanunvericilik aktlarına edilmiş son dəyişikliklər barədə danışıb. İkili vətəndaşlığın geniş xarakterli hüquqlar vəd etməsinə baxmayaraq, həm dövlətçilik, həm də şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaratdığını nəzərə alaraq qanunvericiliyə edilmiş son dəyişikliklərin əhəmiyyətini vurğulayıb.

Səfir T. Şaraşenidze də iki ölkə arasında mövcud münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və bunun bariz nümunəsi kimi Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə Gürcüstana rəsmi səfərinin ölkəsi üçün xüsusi əhəmiyyətini qeyd edib, bu səfərin dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib. Diplomat Gürcüstan vətəndaşlığına bərpa və vətəndaşlıqdan çıxma prosedurundakı dəyişikliklər barədə məlumat verib.

Sonra hər iki dövlətin vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu beynəlxalq sənədlərə - “Vətəndaşlığı olmayan şəxsin statusu”na dair 1954-cü il tarixli və “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il tarixli Konvensiyalara uyğun olaraq vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı səylərin daha da gücləndirilməsinin, yarana biləcək problemlərin qarşısının alınması üçün qanunvericiliyə uyğun preventiv tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR