Oktyabr ayında Azərbaycanda sürüşmə sahələrində aktivlik müşahidə olunub

Oktyabr ayında Azərbaycanda sürüşmə sahələrində aktivlik müşahidə olunub
# 30 oktyabr 2015 10:17 (UTC +04:00)

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, Zığ, Qaraçuxur, Masazır sürüşmə sahələrində də aktivlik müşahidə olunur: “Mövcud çatlar cüzi də olsa, 50-60 mm genişlənib. Qaraçuxurda, qəbiristanlığa gedən yolda atmosfer çöküntüləri, habelə ağırtonnajlı avtomobillərin hərəkəti nəticəsində çatlar genişlənib və yenilər əmələ gəlib. Eyni zamanda, oktyabr ayının əvvəllərində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Sumqayıt-Bakı avtomagistralında çökmə prosesi baş verib. Yolun şəhər istiqamətində olan hissəsində və yaxın sahələrdə asfalt örtüyündə təxminən 2-50 sm enində, 50-80 metr uzunluğunda çatlar yaranıb, habelə asfalt yolda 60-80 sm hündürlüyündə çökmə əmələ gəlib. Kompleksdən 20-25 metr aralıda 3 pillədən ibarət, ümumi hündürlüyü 25-35 metr olan istinad divarlarında deformasiya baş verib. Hazırda ərazidə bərpa-gücləndirmə işləri aparılır”.

Baş geoloq əlavə edib ki, Quba-Xınalıq avtomobil yolunun 37-46, Qusar-Sudur avtomobil yolunun 37-ci, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı, Muğanlı-İsmayıllı 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə prosesində aktivləşmə müşahidə olunub: “Nəticədə uçqun baş verib, həm də çatlar genişlənib. İsmayıllı rayonun Xankəndi kəndindəki sürüşmə sahəsində çatlarda genişlənmə baş verib. Sürüşmə sahəsində qismən aktivləşmə qeydə alınıb”.

Ə. Piriyev qeyd edib ki, Lənkəran-Lerik yolunun 17-19-cu kilometrində atmosfer çöküntülərinin təsiri nəticəsində uçqun prosesi geniş sahəni əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR