Adil Vəliyev: “Gələcəkdə “Pilot layihə” Nardaran qəsəbəsində də tətbiq edilə bilər”

Adil Vəliyev:  “Gələcəkdə “Pilot layihə” Nardaran qəsəbəsində də tətbiq edilə bilər”
# 03 dekabr 2015 13:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sabunçu rayonunda həyata keçirilən “Pilot layihə” gələcəkdə Nardaran qəsəbəsində də tətbiq edilə bilər. Bunu APA-ya açıqlamasında Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib. O, qeyd edib ki, hazırda bu layihə rayon ərazisində olan qəzalı vəziyyətə düşmüş ictimai yaşayış binalarına tətbiq olunur: “Nardaran qəsəbəsində isə ictimai yaşayış binaları yoxdur. Oradakı evlər fərdi yaşayış evləridir. Gələcəkdə dövlət proqramı çərçivəsində Nardaran qəsəbəsində də belə bir layihə həyata keçirilə bilər”.

A. Vəliyev həmçinin qeyd edib ki, “Pilot layihə” çərçivəsində rayonda tikinti işləri sürətlə davam etdirilir: “Ramana qəsəbəsində artıq 80 mənzillik yaşayış binasının inşasına başlanıb. Bundan başqa Bakıxanov qəsəbəsində də 126 mənzillik yaşayış binasının tikintisi davam etdirilir. Evləri sökülən şəxslərin hamısı kirayə mənzillərə yerləşdirilib və hər ay kirayə haqları ödənilir. Həmin şəxslərə əvvəlki mənzillərinin sahəsindən 30-35 faiz artıq həcmdə evlər tikilib təhvil veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti “Pilot layihə” formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR