Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının sessiyasında iştirak edib

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının sessiyasında iştirak edib
# 13 oktyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabrın 5-9-da İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 55-ci sessiyası keçirilib. Sessiyada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Assambleyanın sessiyasında çıxış edən komitə sədri əqli mülkiyyət hüquqlarının qorunması üzrə ÜƏMT-nin fəaliyyətinin ölkəmiz üçün maraq kəsb edən istiqamətlərini qeyd edib. Ölkə rəhbərliyinin insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafını prioritet müəyyən etdiyini vurğulayan R. Həsənov ölkəmizdə yüksək texnologiyalar və innovasiyalara dəstək olacaq müasir patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

Səfər çərçivəsində ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüş keçirilib. Nümayəndə heyətini səmimiyyətlə qarşılayan F.Qarri Azərbaycana 2014-cü ildə etdiyi səfərini, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini xatırlayıb, səfər zamanı imzalanan Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edib. Azərbaycanın patent sisteminin inkişafına ÜƏMT-nin töhvələrinə görə Təşkilat rəhbərinə minnətdarlıq ifadə edən SMPDK sədri ikitərəfli əməkdaşlığın Azərbaycanda sahə üzrə təlim-tədris imkanlarının inkişafına, texnologiyaların və innovasiyaların dəstəklənməsinə xidmət göstərəcəyinə ümid etdiyini vurğulayıb. Görüş zamanı ÜƏMT və Azərbaycan Respublikası arasında 2014-cü ildə imzalanmış Anlaşma Memorandumunun icrası məqsədi ilə Komitə və ÜƏMT Akademiyasının qarşılıqlı fəaliyyəti planı imzalanıb.

Assambleya zamanı həmçinin təşkilatın vəzifəli şəxsləri ilə və müvafiq strukturlarında işçi görüşlər keçirilib, SMPDK-nın tərkibində Əqli Mülkiyyət məsələləri üzrə təlim-tədris mərkəzinin inkişaf etdirilməsi, ölkənin elmi-araşdırma mərkəzlərində ÜƏMT-in texnologiyalar və innovasiyalara dəstək mərkəzlərinin yaradılması məqsədi ilə qarşılıqlı fəaliyyət müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR