Moskvada Azərbaycanın xarici siyasət strategiyasından bəhs edən monoqrafiyanın təqdimat mərasimi keçirilib

Moskvada Azərbaycanın xarici siyasət strategiyasından bəhs edən monoqrafiyanın təqdimat mərasimi keçirilib
# 25 fevral 2016 23:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Xocalı soyqırımı və Azərbaycan həqiqətlərindən bəhs edən “Effektiv təsirin strategiyası: Azərbaycanın XXI əsrdə xarici siyasəti, “yumşaq gücü” və enerji diplomatiyası” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında keçirilən təqdimat mərasimində Diplomatiya Akademiyasının rəhbərliyi, professor və müəllim heyəti, Rusiyanın tanınmış diplomatları, Azərbaycanın Rusiyadakı səfirliyinin və diasporumuzun nümayəndələri iştirak ediblər.

Diplomatiya Akademiyasının məzunu, siyasi elmlər namizədi İbrahim İbrahimovun müəllifi olduğu bu monoqrafiya müstəqil Azərbaycanın xarici siyasət strategiyasının inkişafına həsr edilib. Elmi işdə əsas diqqət Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış çoxşahəli xarici siyasətə ayrılıb.

Diplomatiya Akademiyasının rektoru Yevgeniy Bajanov çıxışında bildirib ki, monoqrafiyanı müasir Azərbaycanın xarici siyasətinin ensiklopediyası adlandırmaq olar: "Bu Azərbaycanın xarici siyasətinə həsr edilmiş kompleksli elmi işdir. Obyektiv və ekstremizm çalarları olmadan yazılmış, sırf elmi bir kitabdır. Hətta mən bu kitabın tərtibatındakı səliqə və ardıcıllığı Mendeleyev cədvəlinə bənzədirəm. İstər energetika diplomatiyası olsun, istər diplomatiyada istifadə edilən “yumşaq güc” siyasətinə aid başlıqlar olsun - hər mövzu məntiqi ardıcıllıqla izah edilir. Bu fenomenlər haqda dolğun məlumat verilir. Mən də müəllifin Azərbaycanın geosiyasi gerçəkliyi nəzərə alıb düzgün balanslaşdırılmış çoxşaxəli siyasi kurs götürməsi fikri ilə razıyam".

Monoqrafiyada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbi və səbəbkarları, Xocalı soyqırımı, təcavüzkar Ermənistana qarşı beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr, Ermənistandakı mövcud rejimi ifşa edən faktlar, xüsusən də Serj Sarkisyanın Xocalı faciəsi ilə bağlı etirafları çap edilib.

Tədbirdə çıxış edən monoqrafiyanın müəllifi İbrahim İbrahimov bildirib ki, bu kitab Azərbaycanın Moskvada qələbəsidir: "Məşhur “Bütün Dünya” nəşriyyatı tərəfindən çap edilən kitab Moskvanın “Kitab Evi”, “Biblioqlobus” kimi tanınmış bir sıra kitab mağaza şəbəkələrində satılır. 2 həftə ərzində artıq 150 kitab satılıb. Bu Azərbaycana olan marağın göstəricisidir. Nəşriyyat tirajı çoxaltmağı planlaşdırır. Qeyd edim ki, mənim üçün ən vacib olan, bu kitabda erməni vəhşiliyini Serj Sarkisyanın etirafları ilə ictimaiyyətə çatdıra bilməyimizdir. Elmi işin digər yeniliyi isə Azərbaycanın “softpauver”, yəni “yumşaq güc” adlanan siyasi strategiyası haqda gəldiyim nəticədir.

Fikrimcə, “yümşaq güc” Azərbaycanın xarici siyasətdə məqsədinə nail olması üçün istifadə etdiyi “instrument”dən əlavə, həm də ölkəmizin beynəlxalq arenada bir dövlət olaraq qarşıya qoyduğu fəlsəfədir".

Qeyd edək ki, “Effektiv təsirin strategiyası: Azərbaycanın 21 ci əsrdə xarici siyasəti, “yumşaq gücü” və enerji diplomatiyası” kitabında Azərbaycanın qlobal və regional dövlətlər, inteqrasion birliklərlə münasbətlərindən geniş bəhs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR