Nazir: “Azərbaycanlı qaçqınların yurd-yuvalarına qayıtması tamhüquqlu regiondaxili əməkdaşlığı gücləndirəcək”

Nazir: “Azərbaycanlı qaçqınların yurd-yuvalarına qayıtması tamhüquqlu regiondaxili əməkdaşlığı gücləndirəcək”
# 23 sentyabr 2016 17:45 (UTC +04:00)

Bakı – APA. “Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, həmçinin qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının təmin edilməsi təkcə Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verməyəcək, eyni zamanda tamhüquqlu regiondaxili əməkdaşlığı gücləndirəcək”.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, regionda uzun sürən münaqişələr həll olunmadan, təhlükəsizlik və sabitlik təmin edilmədən ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacaq. “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi iqtisadi inkişaf üçün hələ də qeyri-sabitlik və maneə mənbəyi olaraq qalır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR