Silvio Proto: “Qarabağ” göstərdi ki, növbəti mərhələyə 4 komanda iddia edəcək”

Silvio Proto: “Qarabağ” göstərdi ki, növbəti mərhələyə 4 komanda iddia edəcək”
# 20 oktyabr 2015 07:39 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”a məğlubiyyət bütün planlarımızı pozdu. İndi “Tottenhem”lə qarşılaşmalardan mümkün qədər çox xal toplamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext”in qapıçısı Silvio Proto deyib.

Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda “Qarabağ”a məğlub olan (0:1) Belçika klubu növbəti iki matçını “Tottenhem”ə qarşı keçirəcək.

32 yaşlı qolkiper yerli mətbuata açıqlamasında London təmsilçisi ilə Belçikada keçiriləcək ilk oyunda onları yalnız qələbənin qane etdiyini söyləyib: “Qarabağ”a uduzmaqla işimizi xeyli çətinləşdirdik. Azərbaycan komandası göstərdi ki, növbəti mərhələyə 2 və ya 3 yox, 4 komanda iddia edəcək. “Tottenhem”lə qarşıdakı iki görüşün nəticəsi çox önəmlidi. Həm bizim, həm də “Qarabağ” – “Monako” oyunlarından sonra qrupa müəyyən mənada aydınlıq gələcək. İşimizi şansa buraxmamaq üçün “Tottenhem”i evdə məğlub edib, səfərdə də heç olmasa 1 xal almalıyıq. Bunu reallaşdıra bilsək, bir addım önə keçərik”.

Qeyd edək ki, “Anderlext” – “Tottenhem” oyunu oktyabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İki turdan sonra “Tottenhem” 4 xalla qrupa liderlik edirsə, “Qarabağ” (3 xal) ikinci, “Monako” (2) üçüncü, “Anderlext” (1) isə dördüncü yerdə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR