DGK: Ramil Hüseynov adlı sahibkar bizə şikayət etməyib

DGK: Ramil Hüseynov adlı sahibkar bizə şikayət etməyib
# 22 yanvar 2016 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün xəbər saytlarından birində "Gömrükdə monopolistlərin sabotajı var" başlıqlı yerləşdirilən yazıda Dövlət Gömrük Komitəsinin (DGK) ünvanına həqiqətə uyğun olmayan, yalan məlumatlar dərc olunub.

DGK-nın Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yazıda Ramil Hüseynov kimi təqdim olunan sahibkarın Türkiyədən ticarət məqsədi ilə gətirdiyi malların gömrük orqanları tərəfindən guya qanundankənar ödənişlərə cəlb olunduğu, həmin mala görə tələb olunan gömrük ödənişlərinin süni surətdə şişirdildiyi qeyd olunur.

DGK bildirir ki, yazıda adı qeyd edilən R. Hüseynov adlı sahibkar istər şikayət, istərsə də digər xarakterli hər hansı məsələ ilə bağlı komitəyə, ümumiyyətlə müraciət etməyib.

Komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, R. Hüseynov Türkiyədən aldığı və “Azkafkaz” adlı daşıma şirkəti ilə ölkə ərazisinə gətirdiyi mala görə gömrük orqanları və gömrük əməkdaşları ilə təmasda olmayıb. Belə ki, “Azkafkaz” adlı şirkət R. Hüseynova aid malların da daxil olduğu müxtəlif adda məhsulları ölkə ərazisinə gətirib və həmin mallar şirkətin müraciəti əsasında qanunvericiliyə uyğun olaraq gömrük dəyərləndirilməsindən sonra vergi və rüsumlara cəlb olunaraq rəsmiləşdirilib. R. Hüseynovla daşıma şirkəti arasında olan anlaşılmazlığın isə DGK-ya heç bir aidiyyatı yoxdur.

DGK respublikada sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının şəffaf və sürətli şəkildə həyata keçirilməsi üçün bütün zəruri addımları atır və ölkədə fəaliyyət göstərən bütün media qurumlarını və onların nümayəndələrini komitənin fəaliyyəti ilə bağlı məlumatları yayarkən qanunlara əməlı etməyə, obyektiv və düzgün informasiya verməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR