Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi çərçivəsindəki layihələrin icrasında heç bir yubanma yoxdur”

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi çərçivəsindəki layihələrin icrasında heç bir yubanma yoxdur”
# 15 sentyabr 2015 15:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. “Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər uğurlu keçəcək və bizim ölkələri bir-birinə daha da yaxınlaşdıracaq. Əlaqələrimiz uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət sahəsində gözəl nəticələr var. Siyasi sahədə uğurla əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi şəkildə müzakirə etdik. Gördük ki, bu əlaqələrin dərinləşməsi üçün heç bir maneə yoxdur. Əksinə, aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıb”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu gün imzalanan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə ciddi siyasi sənəddir və ikitərəfli əlaqələrin mahiyyətini əks etdirir, əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır: “Avropa İttifaqına üzv ölkələrlə 7 buna bənzər anlaşma var idi. Artıq Avropa İttifaqına üzv ölkələrin səkkizincisi ilə bu sənəd imzalanıb. Bəyannamədə əlaqələrin müxtəlif aspektləri öz əksini tapıb”.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı heyətlər səviyyəsində, həm də ikitərəfli formatda iqtisadi əməkdaşlığın müzakirə olunduğunu söyləyib: “Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Çex bankları Azərbaycanda müvafiq layihələr üçün böyük miqdarda vəsait ayırır. Buna görə də minnətdarıq. Bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin. İlk növbədə nəqliyyat sahəsində əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Eyni zamanda gələcəyə baxmalıyıq. Keçiriləcək biznes forum əlaqələrin inkişafı üçün böyük təkan olacaq. Qarşılıqlı investisiyaların qoyuluşu əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm də Azərbaycan xarici sərmayə üçün məqbul ölkələrdir. Çalışmalıyıq ki, iş adamları da bir-birini yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası olub. Beləliklə, iqtisadi sahədə əminəm ki, gələcəkdə daha uğurlu nəticələr olacaq. Deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər. Energetika sahəsində də əməkdaşlıq danışıqlar mövzusudur. Azərbaycan Çex Respublikasına xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan müəyyən hissə təşkil edir. Bu da önəmli hadisədir. Azərbaycan hazırda Cənub Qaz Dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Layihənin ümumi dəyəri 45 milyard dollardır. “Şahdəniz” qaz yatağının 2-ci fazasının işlənməsi öz həllini tapacaq. Eyni zamanda 3 yeni qaz kəməri çəkiləcək. Cənubi Qafqaz qaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP Türkiyə üzərindən keçən və TAP Türkiyə sərhədindən İtaliya sərhədinə uzanan kəmərlərdir. “Şahdəniz” qaz yatağının işlənməsi ilə bərabər bu 4 nəhəng qaz layihəsi Cənub Qaz Dəhlizini formalaşdırır. Azərbaycan öz liderlik funksiyalarını yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor, bəzi layihələrdə əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu layihələrin icrasında heç bir yubanma yoxdur. Bütün işlər vaxtında görülür. Azərbaycan əmindir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində bu layihələr həyata keçiriləcək. Yeni qaz kəmərinin tikintisi təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR