“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə aralıq hesabat açıqlayacaq

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə aralıq hesabat açıqlayacaq
# 22 oktyabr 2015 09:28 (UTC +04:00)

Bakı – APA. “Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə aralıq hesabat açıqlayacaq.

“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aralıq hesabatın gələn həftə, səsvermə prosesi ilə bağlı ikinci hesabatın seçki gününün sonunda, son hesabatın isə seçkilərə yekun vurulduqdan sonra açıqlanması nəzərdə tutulur.

Monitorinqin nəticələrinə dair seçki prosesinin mərhələlərinə uyğun olaraq üç hesabat hazırlanacaq və ictimaiyyətə təqdim ediləcək. Monitorinq seçki prosesinin bütün spektrini əhatə edir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün koalisiya üzvü olan QHT-lərin resurslarından və könüllülərdən istifadə edilir. Qurum tərəfindən qısa müddətdə 500 nəfər müşahidəçi hazırlanıb və təlimatlandırılıb. Onların 118 seçki dairəsinin ərazisinə ezam edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu “Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il oktyabrın 1-də yaradılıb. Qurumun məqsədi noyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin hərtərəfli monitorinqini aparmaqdır.

Koalisiyanın tərkibinə 5 qeyri-hökumət təşkilatı daxildir: Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (sədr Rufiz Qonaqov), Qarabağ Araşdırılmalar Mərkəzi (sədr Elçin Əhmədov), İqtisadi və Sosial İnkişaf Mərkəzi ( sədr Vüqar Bayramov), Tətbiqi Tədqiqatlar Fondu (sədr İbrahim Əliyev) və Azərbaycan Tələbələr Birliyi (sədr Elvin Aslanov). Koalisiyanın ilk iclasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov onun koordinatoru seçilib.

Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və s. məsələlərin monitorinqini aparıb, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirib. Bundan əlavə, KİV-də və elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğat materialları mütəmadi olaraq izlənilir, müvafiq təhlillər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR