Azərbaycan Rusiya ilə sərhəddə karantin altında olan məhsullara nəzarəti gücləndirir

Azərbaycan Rusiya ilə sərhəddə karantin altında olan məhsullara nəzarəti gücləndirir
# 20 aprel 2016 16:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev Rusiya Federasiyası Baytarlıq və Fitosanitariya Xidmətinin nümayəndələrini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, xidmət rəhbəri Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracını artırmaq istədiyini bildirib. Qeyd edib ki, əlverişli iqlim şəraiti ilə yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına verilən dəstəyin də bol məhsul əldə etməyə şərait yaradır. C. Quliyev ölkə rəhbərliyinin sərəncamları ilə kənd təsərrüfatı sahəsində məşğul olanlara ayrılan subsidiyalar, kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad olunması, “bir pəncərə” sistemi, həmçinin idxal-ixrac əməliyyatlarını sadələşdirən gömrük prosedurları barədə qonaqlara ətraflı məlumat verib.

Rusiya nümayəndə heyəti də Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalını artırmaq niyyətini ifadə edib. Nümayəndələr Azərbaycan tərəfindən taxılın və ondan emal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinə tələblər və fitosanitar tələbləri barədə mövcud normativ sənədləri istəyib.

Azərbaycan tərəfi sənədləri təqdim etməyə razılığını bildirməklə yanaşı, qanunvericilikdə gözlənilən yeniliklər barədə də qonaqları məlumatlandırıb. Qeyd edilib ki, karantin altında olan məhsulların idxalı zamanı DFNX-nin idxal karantin icazəsinin verilməsi sadələşdirilmiş elektron qaydada həyata keçiriləcək. Eyni zamanda, sərhəddə Dövlət Gömrük Komitəsi nəzarəti gücləndirəcək.

Rusiyalı qonaqlar Azərbaycanın istixanaları barədə göndərdikləri sorğuya cavab ilə maraqlanıblar. Bildirilib ki, digər sənədlərlə birlikdə sorğuya cavab da tezliklə onlara təqdim olunacaq.

Səfər çərçivəsində nümayəndə heyəti fitosanitar xidmətinin bir neçə laboratoriyasına baş çəkərək, avadanlıqlar və bitki məhsullarının laborator yoxlanması üsulları ilə tanış olublar. Qonaqlar bu laboratoriyaların Milli Akkreditasiya sistemində qeydiyyatdan keçməsini və hazırda beynəlxalq akkreditasiya almağa hazırlaşmasını, həmçinin laboratoriyaların diaqnostik fəaliyyətini çox böyük razılıqla qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR