Vaqif Əsədov: "“Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” adlı videogörüntü ilə bağlı iddialar təsdiqini tapmayıb”

Vaqif Əsədov: "“Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” adlı videogörüntü ilə bağlı iddialar təsdiqini tapmayıb”
# 06 noyabr 2015 12:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Mətbuatda və sosial şəbəkələrdə yayılan “Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” adı ilə paylaşılan videogörüntüyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində baxılıb ”.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, həmin görüntülərlə bağlı bəzi məqamlar aydınlaşdırılıb: “Müəyyən olundu ki, qeyd olunan ərazidə yol polisi ilə sürücü arasında yaranan narazılıq dayanma-durma, parklama qaydalarının pozulması ilə bağlı olub. Sürücü, yaxud ordu zabitinin yol polisi ilə aralarında yaranan narazılıqla bağlı görüntülərdən açıq-aşkar görünür ki, “əlbəyaxa” münaqişə yaranmayıb. Yol polisi əməkdaşı ilə qeyd edilən ordu zabitinin “əlbəyaxa” olması ilə bağlı iddia öz təsdiqini tapmır. Görüntülər əsasında deyilənlər həqiqəti əks etdirmir, yol polisinin xidməti fəaliyyətinə kölgə salır, yayılan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir. Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən mətbuat nümayəndələri bu məlumatı əlaqədar orqanlarla dəqiqləşdirmədən şişirdilmiş formada yayıblar” .

V. Əsədov bildirib ki, sürücülər paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün dayanma-durma, parklama qaydalarına əməl etməlidirlər: “Sözsüz ki, məqsəd yollarda daralmanın qarşısını almaq, nəinki paytaxt sakinlərinin eləcə də digər hərəkət iştirakçılarının xüsusilə, sürücülərin təhlükəsiz, fasiləsiz və vaxt itirmədən, ləngimədən hərəkətini təmin etməkdir. Qanunun tələblərini pozan sürücülərə yol polisləri tərəfindən müvafiq tədbirlər həyata keçirilməklə, inzibati protokol tərtib edilir. Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), nəqliyyat vasitələri müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR