Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 İyun
# 14 iyun 2016 18:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Dünyanın maliyyə bazarları iki mühüm prosesin təsiri altındadır. Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendum və Federal Ehtiyat Sisteminin bu gecə başlayacaq toplantısı bazarlara neqativ təsir edir. Bu amillər hələ bir müddət neftin, səhmlərin, valyutaların qiymətinə öz təsirini qoruyub saxlayacaq. Düzdür, aprel protokolları açıqlandıqdan sonra Federal Ehtiyat Sisteminin iyunda dolların uçot dərəcəsini artırmaq ehtimalı çox azalıb, amma ən kiçik ehtimal belə valyutalara basqını artırmış olur. İnvestorları narahat edən digər məqam isə daha ciddidir, Britaniyada Avropa Birliyindən ayrılma tərəfdarlarının artması “Köhnə Dünya”nı son dərəcə narahat edir. Əgər referendumdan Brexit tərəfdarları qalib çıxarsa, bu, Avropa iqtisadiyyatına zəlzələ təsiri göstərəcək. Britaniyadan başlayacaq iqtisadi çöküşün domino prinsipi ilə digər iqtisadiyyatlara da keçəcəyi gözlənilir. Bu ssenarini göz önünə alan investorlar sığortalanmaq üçün əllərindəki səhmlərin əhəmiyyətli hissəsini satmağa başlayıblar. İlk dəfə olaraq Almaniyanın 10 illik dövlət səhmlərinin qiyməti düşməyə başlayıb, birja indeksləri də sürətlə enməkdədir. Bu fonda neftin qiymətinin ucuzlaşması da təbii qarşılanmalıdır. Lakin vəziyyət doğrudanmı bu qədər pisdir? Bu suala Federal Ehtiyat Sisteminin toplantısından sonra daha dəqiq cavab vermək mümkün olacaq. Əgər dolların uçot dərəcəsi artırılmazsa, bu, bazarları bir qədər sakitləşdirəcək. Yox, uçot dərəcəsi artırılarsa, bu, Brexit ərəfəsində dünya iqtisadiyyatında yeni böhranın başlaması demək olacaq. Yəqin ki, Federal Ehtiyat Sistemi toplantısının iştirakçıları qərar qəbul edərkən, bu amili də nəzərə alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR