Ramin Musayev: “0:0 hesabına görə xal verməmək ideyası pis deyil”

Ramin Musayev: “0:0 hesabına görə xal verməmək ideyası pis deyil”
# 16 fevral 2016 14:34 (UTC +04:00)

Bakı – APA. Almaniyalı mütəxəssis Feliks Maqat maraqlı təkliflə çıxış edib. Apasport.az saytının yerli mətbuata istinadən xəbər verir ki, “Bavariya” klubunun sabiq baş məşqçisi futbolda 0:0 hesabına görə komandalara xal verilməsini doğru hesab etmir.

Maqat qolsuz bərabərliklə nəticələnən oyunların həyəcanı yox etdiyini və müasir futbolda müdafiəyə meylli komandalara yer olmadığını söyləyib. 63 yaşlı mütəxəssisin bu ideyası müdafiə futboluna üstünlük verən komandalar üçün indidən həyəcan təbili ola bilər.

“Məsələn, 0:0 hesabı ilə başa çatan görüşdə hər iki komandaya xal verilməməyini təklif edirəm. Yalnız qollu bərabərliyə 1 xal verilsin və qalib gələn tərəf indiki kimi, 3 xal qazansın. Belə bir qərar futbolu daha da canlandıracaq, müdafiə oyunu göstərən komandaların strategiyası dəyişəcək” – deyə, Maqat bildirib.

O, həm də basketbol və xokkeydəki kimi, futbolda da pley-off sisteminin tətbiq edilməsinin tərəfdarı olduğunu vurğulayıb: “Pley-off mərhələsinin futbol üçün ən ədalətli sistem olduğunu düşünürəm. Oyunçuların zədələnməsi, hakim səhvləri, ya da hansısa görüşdə zəif çıxış etməyiniz sizi çempionluqdan məhrum edə bilər. Pley-off sistemləri bunlara imkan verməyəcək”.

Maraq üçün əlavə edək ki, Topaz Premyer Liqasının cari mövsümündə baş tutan 105 oyundan 13-də qol vurulmayıb. Bu isə qarşılaşmaların 12,4 faizi deməkdi. Ən çox qolsuz bərabərə qalan komanda isə “Zirə”di. Çempionatın debütantı 5 görüşdə rəqibləri isə 0:0 edib. “İnter”, “Rəvan” 4, AZAL, “Kəpəz” 3, “Qəbələ”, “Sumqayıt” 2, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran” isə 1 dəfə qolsuz heç-heçəyə görə aktivlərinə 1 xal yazdırıblar.

Maqatın bu təklifinə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdən də münasibət öyrənməyə çalışdıq. PFL rəhbəri bu sistemin yüksək liqalarda tətbiqinin doğru olmadığını hesab edir: “Sabah da hansısa mütəxəssis təklif edəcək ki, 5-dən çox qol vurulmasın. Əslində, 0:0 hesabına görə xal verilməməyi ideyası pis deyil. Bununla sürətli futbol izləmək, qol görmək olar. Amma digər tərəfdən də razılaşmıram. Təsəvvür edin, komanda var ki, ona 1 xal bəs edir və müdafiəyə oturur. Rəqib də çox güclüdü, onunla heç-heçə etmək uğurlu nəticə olar. Belə bir qərar verilərsə, komanda qol vurmağa çalışacaq. Ancaq uduzarsa, bəlkə də çempionluq əldən gedəcək və bir illik əziyyət hədər olacaq. Məncə, bu sistemi aşağı liqalarda tətbiq etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR