Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən qızın məhkəmə istintaqı başlayıb

Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən qızın məhkəmə istintaqı başlayıb
# 20 oktyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. P. Nuriyeva ittihamlara münasibət bildirməyib.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış, 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq -mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G. Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.

1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR