Polşa ordusunun azərbaycanlı polkovnikinə həsr olunmuş filmin premyerası keçirilib

Polşa ordusunun azərbaycanlı polkovnikinə həsr olunmuş filmin premyerası keçirilib
# 15 mart 2016 15:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Polşanın paytaxtı Varşavada yerləşən İstiqlaliyyət Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Salnamə" kinostudiyası tərəfindən hazırlanmış “Polkovnik” sənədli filminin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, filmin nümayişindən əvvəl İstiqlaliyyət Muzeyinin direktor müavini Yolanda Dombek (Jolanta Dambek) çıxışında iştirakçılara Vəli bəy Yadigar haqqında məlumat verib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışında iştirakçılara səfirlik tərəfindən həyata keçirilən layihələr haqqında danışıb. O, müxtəlif seriyalarda polyak dilində 38 adda kitabın nəşr edildiyini və “Təşəkkür hissi ilə xatırlayırıq” layihəsi çərçivəsində 14 abidənin qurulduğunu diqqətə çatdırıb.

Tədbirdə “Vəli bəy Yadigar, Azərbaycanlı, Polşa Ordusunun Polkovniki” kitabının böyük sayda arxiv materialları əsasında nəşr olunduğu və “Polkovnik” sənədli filminin mühacir azərbaycanlı zabitin keçdiyi həyat yolunu daha da aydınlaşdırdığı qeyd olunub.

7-ci süvari polku muzeyinin direktoru Leşek Çeley (Leszek Celej) Vəli bəy Yadigarın Polşa hərbi tarixində unudulmaz iz buraxdığını diqqətə çatdırıb. Polkovnik Zıgmunt Qebetner (Zygmunt Gebetner) və Yuzef Adamçık (Jozef Adamczyk) iştirakçılara Vəli bəy Yadigarla bağlı maraqlı xatirələrini danışıblar.

Tədbirin sonunda “Polkovnik” filminin rejissoru Tahir Əliyev səfirlik tərəfindən təsis edilmiş Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR