Elmar Məmmədyarov: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub”

Elmar Məmmədyarov: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub”
# 16 sentyabr 2015 16:22 (UTC +04:00)

Bakı – APA. “Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub. Tələsik formada qəbul olunan bu qətnamədə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA-ya müsahibəsində deyib:


Nazir qeyd edib ki, qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir: “Bu isə qəbuledilməzdir. Belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun”.

E. Məmmədyarovun sözlərinə görə, təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir. “Bildiririk ki, hər hansı bir təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfindən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR