Kukla Teatrının direktoru: “Bizim üçün ən böyük problem tamaşaçı itirmək olar” - MÜSAHİBƏ

Kukla Teatrının direktoru: “Bizim üçün ən böyük problem tamaşaçı itirmək olar” - <span style="color: red;">MÜSAHİBƏ
# 07 may 2016 10:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin APA-ya müsahibəsi

- Rəşad müəllim, bu il Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunur. Hansı tədbirlər keçiriləcək, teatrın 85 yaşını necə qeyd edəcəksiniz?

- Bu məsələ ilin sonuna qədər Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində həll olunacaq. Biz teatr olaraq yubileyimizə töhfələrimizi veririk. Artıq iki festivalda iştirak etmişik, bir səfərimiz də bu yaxınlarda gözlənilir. İlin əvvəlindən bu yana üç tamaşa təhvil vermişik, növbəti tamaşamız may ayının 14-də, digəri isə sentyabrda təqdim olunacaq. Yəni yubiley ilimizlə əlaqədar olaraq beş tamaşanı təhvil veririk. Hesab edirəm, beş tamaşanı və iki festivalda uğurlu çıxışı teatrı üçün müvəffəqiyyət kimi qiymətləndirmək olar.

- Teatrı indiki yerə gətirən yol haradan keçib?

- Bu gün dövlət tərəfindən bütün teatrlara qayğı, diqqət göstərilir. Bura binaların təmirindən tutmuş, texniki avadanlıqlara, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni tamaşaların hazırlanmasına qədər hər şey aiddir. Bizdə də son illərdə on belə tamaşa hazırlanıb. Bu tamaşaların demək olar, hamısının quruluşçu rejissoru, quruluşçu rəssamlı, bəstəkarı xarici ölkələrdən dəvət olunub. Məsələn, Rusiyadan, Finlandiyadan, Gürcüstandan və s. Bir çox tamaşaların kuklaları da xaricdə hazırlanıb. Bundan əlavə, 2011-ci ildə ilk dəfə olaraq I Beynəlxalq Kukla Teatrı Festivalı, 2013-cü ildə isə ikinci festival keçirilib. Hər bir tədbirə xarici dövlətlərdən qonaqlar gəlir. Belə alınıb ki, onları tanımaqdan əlavə özümüzü tanıtmaq imkanı əlimizə düşüb. Dövlətin teatr qayğısına cavab olaraq biz də bundan istifadə edirik, festivallara dəvət olunuruq. Sizə deyim ki, bir neçə il əvvəl hər hansı festivaldan dəvət gələndə sevinirdik, indi artıq ildə 12-13 festivaldan dəvət gəlir, iştirak məsələsini özümüz seçirik. Yəni bəzisində iştirak edirik, bəzisində yox. İştirak etdiyimiz festivallarda çox uğurlu çıxışlarımız olur. Məsələn, festivallarda soruşuruq ki, tamaşamız xoşunuza gəldi? Deyirlər, belə tamaşa xoşumuza necə gəlməsin? Yaxud festivalın qaydası belədir ki, əvvəlcədən tamaşanı diskdə göndərirsən, bəyənsələr, dəvət edirlər. Yaxud iki-üç festival bizi dəvət etdi, o şərtlə ki, tamaşalarımız birbaşa qəbul edildi. Əlbəttə, bu Kukla Teatrının kollektivi üçün böyük müvəffəqiyyətdir. Ümumən götürəndə, Azərbaycan mədəniyyəti, teatrı üçün qələbədir. Çalışırıq repertuarımızda tez-tez dəyişiklik edək. Bizim vəzifəmiz təkcə festivallarda çıxış etməklə bitmir. Bizim teatrımızın tamaşaçıları var və ilin əsas hissəsini öz tamaşaçılarımıza qulluq edirik. Kukla Teatrının tamaşalarının qurulmasında ən çətin cəhətlərdən biri odur ki, bizim tamaşalar gərək həm böyüklərin xoşuna gəlsin, həm də uşaqların.

- Məsələnin vacib tərəfi həm də budur...

- Böyüklər üçün olan teatrlarda tamaşa uşağın xoşuna gəlmirsə, burda heç bir qəbahət yoxdur. Amma uşaq teatrında tamaşa valideynin xoşuna gəlmirsə, o, uşağını gətirmir.

- Müasir dramaturqlar, çağdaş əsərlərlə bağlı çətinliyiniz, qayğılarınız varmı?

- Ümumiyyətlə, bu cəhətdən problemimiz yoxdur. Müasir əsərlər vaxtaşırı teatra təqdim edilir. Onlar müzakirəyə çıxarılır, qəbul ediləni də olur, edilməyəni də. Bizim Yazıçılar Birliyi ilə bağlı layihəmiz var, Kukla Teatrının tamaşası üçün müsabiqə elan etmək istəyirik. Bizdən başqa respublikada 4 dövlət kukla teatr var. Onlar Qaxda, Gəncədə, Salyanda və Naxçıvanda fəaliyyət göstərir. Əgər bu layihədə 20 pyes qəbul olunarsa, demək, beş teatrın 3 illik repertuar planı hazırlanar. Bəli, biz də istəyirik müasir pyeslər olsun, yeni nağıl qəhrəmanları yaransın.

- Kukla Teatrının tarixindən danışmadıq...

- Kukla Teatrı 1931-ci ildə Mollağa Bəbirli tərəfindən yaradılıb. Mollağa Bəbirli özü dram artisti olub. İlk tamaşaları sirk tamaşası olub. Uzun müddət səyyar teatr kimi fəaliyyət göstərib. Bu bina təxminən 1908-1910-cu illərdə tikilib və sinema klub kimi fəaliyyət göstərib. Sonralar bu teatrın binasında Kənd Təsərrüfatı Muzeyi yerləşib. 1965-ci ildə teatra dövlət statusu verilib və binaya köçüb.

- Bölgə teatrları ilə əlaqələriniz hansı səviyyədədir?

- Əlaqələrimiz əlbəttə, var. Lazım olanda, istənilən məsələ haqqında həmin teatrlara dəstək oluram. Bundan əlavə, bizim ildə 12-14 festivala dəvətimiz olur. Sözsüz ki, biz bütün bu festivallarda iştirak edə bilmərik. Müəyyən dəvətləri həmin teatrlara göndəririk.

- Teatrın əməkdaşı olan aktyorlara seriallarda, filmlərdə çəkilməyə imkan yaradırsınız? Aktyorların bu cür təkliflərinə etiraz etmirsiniz?

- Kukla Teatrlarının aktyorları simaca az tanınır. Tanınanları da telekanallardan tanınır. Kanallarla ümumi layihələrimiz olanda əksinə, razılıq veririk. Bizdən asılı olan hər şeyə dəstək veririk. Bu, aktyorların tanınmasına, onların əlavə gəlir əldə etməsinə səbəb olur. Elə bir hal olmayıb ki, aktyor seriala çəkilsin, ona görə biz məşqi, tamaşanı təxirə salaq. Aktyorla birinci şərtimiz odur ki, çəkilişdə ola bilərsən, veriliş apara bilərsən, amma birinci növbədə teatrdır.

- Tamaşaçıların sayı sizi qane edir?

- Ümumi götürsək, Kukla Teatrı tamaşaçı sarıdan heç vaxt şikayətçi olmayıb. Son illərdə də belə bir problemlə üzləşməmişik. Seçimə qalanda repertuarda 27 tamaşa var. Nizami Gəncəvidən tutmuş müasir yazarlara qədər tamaşalarımız var. Çalışırıq, tamaşalarımız tərbiyəvi əhəmiyyətli, rəngarəng olsun, zövq oxşasın və s. Mən biləni, son vaxtlar buna nail olmuşuq. Valideyn uşağı bir dəfə gətirir, sonra istəyir bunu hər həftə təkrar etsin. Bilet satışımız yalnız açıq kassadan olur. Bu, bizim şərtlərimizdən biridir. Elə tamaşa hazırlamaq lazımdır ki, camaat açıq kassaya gəlsin. Heç yerdə eşidə bilməzsiniz, Kukla Teatrının bileti hardasa satılır. Kukla Teatrı üçün yəqin ki, ən böyük problem tamaşaçı itirmək olar. Çünki tamaşaçısını itirən teatrın yenidən tamaşaçı yığmağı böyük problemdir. Kukla Teatrının tamaşaçısı demək olar, hər zaman olub. Təmirdən sonra bu daha çox artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR