Lənkəranda Memarlar İttifaqının plenumu keçirilib

Lənkəranda Memarlar İttifaqının plenumu keçirilib
# 21 dekabr 2015 12:04 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Dekabrın 21-də Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqının (AMİ) təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə memarların qış plenumu keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr Elbəy Qasımzadə, yerli icra strukturlarının rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə ölkə memarlarının yaradıcılığını əks etdirən “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov plenumun işinə uğurlar arzulayıb.

Memarlar İttifaqının sədri Elbəy Qasımzadə isə çıxışında son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri sayəsində şəhərsalma və memarlıq sahəsinin inkişafına da mühüm töhfələr verildiyini bildirib. Paytaxt Bakı ilə yanaşı, regionlarımızın da simasının tamamilə dəyişilərək yeniləndiyini və müasirləşdiyini xüsusi vurğulayan natiq bu mənada Lənkəranda da geniş abadlıq-quruculuq işlərinin şahidi olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, rayonun ərazisində müasir dövrədək mühafizə olunmuş “Bəlləbur qalası”, “Dairəvi qala”, “Şeyx Zahid və Seyid Xəlifə türbələri”, “Lənkəran mayakı” və digər tarixi memarlıq abidələri maddi mədəniyyətin qiymətli nümunələri sırasında yer alıb.

Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu və Kiçik Qızılağac Təbiət Yasaqlığı cənub bölgəsinin flora və faunasının zənginliyini əks etdirir.

Bildirilib ki, hazırda ölkəmizin mühüm sosial-iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilməkdə olan Lənkəranda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq bir sıra mühüm infrastruktur layihələr həyata keçirilib, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika və Uşaq Sağlamlıq və Əlillərin Reabilitasiya Mərkəzləri, mehmanxana və istirahət mərkəzləri, yeni sənaye müəssisələri istifadəyə verilib.

Bakı şəhərində Beynəlxalq Memarlıq Akademiyasının filialının açıldığını vurğulayan AMİ-nin İdarə Heyətinin sədri 1992-ci ildən AMİ-nin Beynəlxalq Memarlıq Assosiasiyasına üzv seçildiyini və 10 nəfər azərbaycanlı memarın bu Assosiasiyanın üzvü olduğunu diqqətə çatdırıb.

Plenumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Lənkəran şəhərinin Baş planının layihələndirilməsi və inkişafı”, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva “Lənkəranın şəhərsalma və memarlıq irsi” mövzusunda, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.

Plenumda AMİ-yə yeni üzvlər qəbul edilib, şəhərsalma və memarlıq sahələrində fəal iştirak etdiklərinə və Lənkəranın memarlıq simasının zənginləşdirilməsində göstərdikləri xidmətlərinə görə 3 nəfərə AMİ-nin fəxri-fərmanları verilib, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə AMİ-nin fəxri üzvü seçilib.

Tədbirin sonunda AMİ-nin Lənkəran zonası üzrə şöbəsinin təsis edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR