Allahşükür Paşazadə: “Bəzi qüvvələr və Avropa dövlətləri İslam dininə ləkə gətirməyə çalışır”

Allahşükür Paşazadə: “Bəzi qüvvələr və Avropa dövlətləri İslam dininə ləkə gətirməyə çalışır”
# 26 noyabr 2015 13:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran təhsil naziri Əliəsgər Faninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, QMİ sədri iki ölkənin din xadimləri və rəsmiləri arasında keçirilən görüşlərin səmərəli olduğunu bildirib.

İranın məşhur din xadimlərinin Azərbaycana səfərlərinə toxunan QMİ sədri Azərbaycan və İran dövlət başçıları arasında da əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Ə. Fani isə deyib ki, Azərbaycan və İran xalqları arasında əlaqələrin inkişaf etdirilməsində din xadimlərinin böyük rolu var: “Ona görə də mən səfərim zamanı sizinlə görüşmək üçün təkid etdim. Bu gün ISESCO-nun Bakıda keçirilən konfransında çıxışımda islam birliyi yarada biləcəyimizi söylədim. İslam dinini radikalizm kimi məsələlər təhdid edir və islamın sülhpərvər simasını təhlükə altında qoyur. Bu gün məktəblərdə uşaqlara əsl islamı tədris etmək gərəkdir”.

İslam Məzhəblərinin Yaxınlaşması Assambleyasının nümayəndəsi Humayun Hemməti əsas missiyalarının islam dünyasında birliyə nail olmaq olduğunu söyləyib.

A. Paşazadə bildirib ki, bu gün dünyada islam dininə ləkə gətirməyə çalışan qüvvələr, bəzi Avropa dövlətləri var: “Azərbaycan üçün ən böyük problemlərdən biri isə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. İran bu məsələdə Azərbaycanın yanındadır, ancaq İranın ədalətin bərpa olunmasında daha çox səy göstərəcəyinə ümid edirik. Yeri gəlmişkən, mən Livanda olanda şiələrlə görüşdüm, Qarabağ barədə məlumatlı deyildilər. Bu istiqamətdə daha çox işlərin görülməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına ehtiyac var. İşğal altında məscidlərimiz, məbədlərimiz, ziyarətgahlarımız var, ora gedə bilmirik. Dini məbədlərlə bağlı bir kitabın hazırlanması, sənədli filmin çəkilməsində İranın töhfə verməsi yaxşı olardı”.

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi bildirib ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycanın dini məbədləri, məscidləri ilə bağlı kitabı fars dilinə tərcümə ediblər: “Bu yaxınlarda isə Tehran, Qum və Təbriz şəhərlərində Azərbaycanın məscidləri ilə bağlı foto-sərgi təşkil olunacaq. Biz Azərbaycan məscidlərinin İranda tanıdılması istiqamətində işi davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR