Hacıqabulda aşkarlanan mənşəyi naməlum ətlər zərərsizləşdiriləcək

Hacıqabulda aşkarlanan mənşəyi naməlum ətlər zərərsizləşdiriləcək
# 21 sentyabr 2016 16:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hacıqabulda aşkarlanan, mənşəyi məlum olmayan ətlər zərərsizləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının 21 sentyabr tarixli müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq iribuynuzlu heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.

Qeyd edək ki, sentyabrın 20-i gecə saat 03 radələrində DBNX-nın Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış məlumat əsasında birgə reyd keçirilib. Reyd zamanı Hacıqabul rayonu Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar yol polisi postunda Göyçay şəhər sakini Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus, çəkisi 350 kq olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunət iyi verən heyvan cəmdəkləri aşkar edilib. Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədlər olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. E. Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib. Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlılığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR