Qurban Qurbanov: “Bu oyundan sonra “Qarabağ”ı Fransada daha yaxşı tanıyarlar”

Qurban Qurbanov: “Bu oyundan sonra “Qarabağ”ı Fransada daha yaxşı tanıyarlar”
# 04 noyabr 2015 13:56 (UTC +04:00)

Bakı – APA. “Bəzən belə oyun yaxınlaşdıqca, həm şad oluruq, həm də narahatlıq keçiririk. Çünki özümüzü daim yaxşı tərəfdən göstərmək şansımız yaranır”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu sabah IV turda Fransa təmsilçisi “Monako”nu qəbul edəcək. Qarşılaşma öncəsi bu gün baş tutan mətbuat konfransında fikirlərini bildirən Qurban Qurbanov sabah onları çətin mübarizənin gözlədiyini söyləyib: “Ağır oyun olacaq. Artıq rəqibi daha yaxından tanıyırıq. Amma hazırlaşmağa istədiyimiz qədər vaxt olmadı, qrafik çox sıxdı. Bununla belə, oyuna kimi rəqibi uşaqlarla tam təhlil edəcəyik”.

- Reynaldonun yoxluğunda taktiki dəyişiklik olacaqmı?

- Hansısa dəyişiklik olacağını düşünmürəm. Sistem olduğu kimi qalacaq. Sadəcə, matçın gedişində hansısa dəyişikliklər edə bilərik. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik.

- Üzərinizdə psixoloji gərginlik varmı?

- Psixoloji çətinlik belə oyunlardan sonra olur. “Monako” da qalib gəlsə, demək olar minimum ikinci yeri təmin edəcəklər. Hər bir nəticə ola bilər. Futbolçular bunu dərk edirlər. Belə oyunlarda psixoloji gərginlik varsa, deməli, komanda oyuna hazırdı. Olmasa, deməli, oyuna düşünmürlər.

- Rəqibə hansısa sürpriz hazırlamısız?

- Çalışacam daha yaxşı formada olanlara şans verdim. Hazırkı vəziyyətdə elə bir ciddi fərq yoxdu.

- Azarkeşlərin oyununa marağının azalmasının səbəbini nədə görürsüz?

- İnşallah, sabaha kimi çoxalar. Marağın azalmasının səbəbini deyə bilmərəm. Bilirəm ki, bizi çox istəyirlər. Hər yerdə “Qarabağ”la maraqlanırlar. Ola bilər ki, sabah azarkeş sayı az olsun. Amma onlar bizimlədi. Bunu komandaya hansısa hörmətsizlik və ya inamsızlıq hiss etmirəm.

- Stadionun ot örtüyünün durumu yaxşılaşıb. Bunu sizin üçün üstünlük saymaq olar?

- Meydançanın durumu yaxşılığa doğru gedir. Son 3-4 ayda ilk dəfədi stadionu görüb sevinirik. Meydançaya zərər olmamağı üçün məşqimizi burda etmirik.

- Sabah fərqli oyun görə bilərikmi?

- Fərqli olacaq. Daha sürətli oyun gözləyirik. Düzdü, çətin olacaq. Amma Fransadakı matçla müqayisədə oyunun sürətində fərq olacaq. Bu oyundan sonra inşallah, “Qarabağ”ıFransada daha yaxşı tanıyarlar.

- Azərbaycan komandaları fransalılarla görüşlərdə hələ uğurlu nəticə qazanmayıb. Sabah bu tilsimi qıra bilərsinizmi?

- Biz belə statistik şeylərə fikir verməməyə çalışırıq. Hər an istənilən komanda ilə oynaya bilərsən. Biz sabah uğurlu nəticəyə ümid edirik. Ümumiyyətlə, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Təəssüf ki, bəzən bu, alınmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR