Qüdrət Həsənquliyev: “Məcburi köçkünlərə mənzil tikintisi üçün ayrılan maliyyəni azaltmaq olmaz”

Qüdrət Həsənquliyev: “Məcburi köçkünlərə mənzil tikintisi üçün ayrılan maliyyəni azaltmaq olmaz”
# 13 oktyabr 2015 13:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Məcburi köçkünlər üçün mənzil tikintisinə ayrılan maliyyə vəsaitinin həcminin azalmasına qətiyyən yol vermək olmaz”.

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Ona görə ki, bu insanlar mülkiyyətlərini, iş yerlərini itiriblər. Bunların böyük bir qismi hələ də acınacaqlı vəziyyətdə yaşayır. Ona görə mənin fikrimcə, dövlət büdcədən ilbəil bu istiqamətdəki xərcləri artırmalıdır ki, o insanlar normal mənzil şəraiti ilə təmin edilsinlər” - deyə Q.Həsənquliyev vurğulayıb.

Millət vəkili ildən-ilə hərbi xərclərin artırılmasının tərəfdarı olduğunu bildirib: “Hərbi xərclər ildən-ilə artırılmalıdır. Bu, danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirəcək. Həm də mən əminəm ki, biz müharibə etmədən torpaqların qaytarılmasına çətin nail ola bilək. Ermənistanın indiki rəhbərliyi gündən-günə azğınlaşır və daha azğın bəyanatlar verir. Məncə, ordu gec-tez öz sözünü deməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR