Müdafiə naziri Silahlı Qüvvələrdə xidmət edən qadınlarla görüşüb

Müdafiə naziri Silahlı Qüvvələrdə xidmət edən qadınlarla görüşüb
# 08 mart 2016 08:36 (UTC +04:00)

Bakı – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların bir qrupu ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov çıxış edərək Silahlı Qüvvələrin bütün qadın heyətini bayram münasibətilə təbrik edib və əminliklə vurğulayıb ki, bu gün ölkənin ordu quruculuğunda Azərbaycan qadınının əhəmiyyətli rolu vardır.

"Bu gün Silahlı Qüvvələrimizdə bir çox hərbi vəzifələrdə və mülki işlərdə xanımlar məsuliyyət hissi ilə çalışırlar. Onların hərbi xidmətdə əldə etdikləri nailiyyətlər, göstərdikləri fədakarlıq nümunələri çoxdur və bu hamımızda hədsiz qürur hissi doğurur. Əminəm ki, hər zaman olduğu kimi bu gün də Silahlı Qüvvələrdə çalışan, xidmət edən qadınlar dövlətin, xalqın və ordu rəhbərliyinin yüksək etimadını əməli fəaliyyətlərində layiqincə doğruldacaqlar", - deyə nazir bildirib.

Bayram tədbiri Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri solistlərinin ifasında musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR