Azərbaycan səfiri İtaliya prezidentini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb

Azərbaycan səfiri İtaliya prezidentini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb
# 06 aprel 2016 14:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini İtaliya prezidenti Sercio Mattarellaya təqdim etmək üçün onun tərəfindən qəbul edilib. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, etimadnamənin təqdim edilməsindən sonra İtaliya Prezidenti Azərbaycan səfiri ilə söhbət edib.

Görüşdə Azərbaycan prezidentinin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki ölkənin hökumətləri arasında qəbul olunmuş “Strateji tərəfdaşlıq haqqında bəyannamə”də əks olunduğu kimi Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, bütün sahələrdə, o cümlədən, iqtisadi, enerji, qeyri-neft sektorlarında əməkdaşlıq, ölkəmizin müxtəlif sektorlarında italyan şirkətlərinin fəaliyyəti, Cənub Qaz Dəhlizi və TAP layihəsi barədə danışılıb. Azərbaycanın Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, bu xüsusda həyata keçirilən layihələr barədə danışan Azərbaycan diplomatı ölkəmizin İtaliya şirkətləri üçün ətraf bazarlara çıxmaq istiqamətində önəmli qapı olduğunu da deyib.

Görüşdə, habelə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində yaranmış son vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan diplomatı mövcud vəziyyət, həmçinin münaqişə ilə əlaqədar ətraflı məlumat verib, münaqişənin tezliklə həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq etməsinin vacibliyini deyib, bu xüsusda İtaliya tərəfinin Ermənistanın hərəkətlərini pisləməsinin və Ermənistandan BMT qətnamələrinə əməl etməyi və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməsinin əhəmiyyətli olacağını bildirib.

İtaliya Prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə edib, münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR