"Wood Mackenzie": Gələn il neft şirkətləri əsaslı xərclər baxımından daha intizamlı olacaq

"Wood Mackenzie": Gələn il neft şirkətləri əsaslı xərclər baxımından daha intizamlı olacaq
# 19 dekabr 2016 12:08 (UTC +04:00)

Neftin hasilatının azaldılmasına dair tədbirlər kotirovkaları 55 dollardan yuxarı həddə saxlasa, son 3 ildə ilk dəfə olaraq 2017-ci ildə dünyanın ən iri neft-qaz şirkətləri müsbət pul axını (cash flow) nümayiş etdirəcək. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Wood Mackenzie" şirkətinin yaydığı məlumatda deyilir.

Şirkətin korporativ təhqiqatlar bölməsinin rəhbəri Tom Ellakot bildirib ki, son dövrlər əsaslı xərclərin azalmasının əsas səbəbi neftin kəskin ucuzlaşmasıdır. "Kotirovkaların tədricən bərpa olunması şirkətlərin balansına olan təzyiqi azaldır. Neft-qaz şirkətlərinin əksəriyyətinin vəziyyəti növbəti ildə güclənəcək", - deyə T. Ellakot qeyd edib.


Ekspert hesab edir ki, neftin 1 barrelinin dəyəri 100 dollar olan zaman şirkətlər tərəfindən çəkilən ağlasığmaz xərcləri artıq gözləməyə dəyməz: "2017-ci ildə əsaslı xərclər baxımından şirkətlərin korporativ strategiyasının əsasını intizam təşkil edəcək".

T. Ellakot bildirib ki, neftin qiymətinin artımı hesabına şirkətlərin əldə etdiyi vəsaitlər xarici öhdəliklərin yerinə yetirilməsinə yönələcək.

Neftin qiyməti 55 dollardan yuxarı olarsa, dünyanın 60 ən iri neft şirkətinin əldə etdiyi pul axını cari xərclərindən artıq olar. Bu hal 2014-cü ildən etibarən baş vermir.

Ekspertin proqnozuna əsasən, 2017-ci ildə 60 neft-qaz şirkətinin hasilatı orta hesabla 2% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR