Milli qəhrəmanlara və ya ailə üzvlərinə prezidentin aylıq təqaüdünün məbləği ikiqat artıb

Milli qəhrəmanlara və ya ailə üzvlərinə prezidentin aylıq təqaüdünün məbləği ikiqat artıb
# 12 oktyabr 2016 10:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli fərmanları sosial müdafiə sahəsinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,

“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 oktyabr 2016-cı il tarixli fərman ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin, onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirilməsinə xidmət edir. Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1 300 (min üç yüz) manat müəyyən edilib.

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanına əsasən, həmin ilin avqustun 1-dən prezidentin aylıq təqaüdlərinin təyin olunmasına başlanılıb. Dövlət başçısının 28 avqust 2013-cü il tarixli 954 nömrəli fərmanı ilə həmin təqaüdlərin aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7% artırılaraq 1000 manata, 11 oktyabr 2016-cı il tarixli fərmanla isə 30% artırılaraq 1 300 manata çatdırılıb. Beləliklə, ötən dövrdə Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan prezidentinin aylıq təqaüdünün məbləği 2,2 dəfə artırılıb.

“Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli fərmanla isə respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği 30% artırılaraq 1 300 manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR