Təhsil İdarəsi: Bakının bəzi məktəblərində istilik təchizatı ilə bağlı problemlər qalmaqdadır

Təhsil İdarəsi: Bakının bəzi məktəblərində istilik təchizatı ilə bağlı problemlər qalmaqdadır
# 17 oktyabr 2016 13:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakının bəzi məktəblərinin istiliklə təchiz olunması ilə bağlı müəyyən problemlər hələ də qalmaqdadır. APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilinin aprel ayından məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb. Onun sözlərinə görə, bu gün istilik sistemində problem olan məktəblərin hər birinin siyahısı müəyyənləşdirilib. Qış mövsümünün başlamasına 1 aydan az müddətin qaldığını deyən M.Vəliyeva qeyd edib ki, idarə tərəfindən problemlərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə verilən müvafiq təkliflər aidiyyatı orqanlara göndərilib: “Bu məsələ diqqət mərkəzində olan və ən önəmli məsələlərdən biridir. Dəqiq say deyə bilmərəm, ancaq belə məktəblər mövcuddur. Lakin bu problem az sayda məktəbləri əhatə edir. Bəzi məktəblərdə isə problem artıq yay dövrü ərzində aradan qaldırılıb”.

Təhsil İdarəsinin müdiri əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti Bakı məktəblərindəki davamiyyətə hər hansı bir təsir etməyib: “Bu gün daha çox yağış yağıb. Bakı ətrafı ərazilərdə dərsə davamiyyətin aşağı düşməsi qeydə alınıbsa da, bu, obyektiv səbəblərdən-yollarda yaranan çətinliklərdən irəli gəlib. Ancaq hesab etmirəm ki, bu hava məktəblərdə davamiyyətin aşağı düşməsi və ya tədrisin dayanmasına səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR