Kürdəmirdə heyvanların tələf olmasının səbəbi müəyyən edilib

Kürdəmirdə heyvanların tələf olmasının səbəbi müəyyən edilib
# 02 aprel 2018 08:47 (UTC +04:00)

Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların kütləvi tələf olması barədə məlumatla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) və Kürdəmir Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri Ərəbqubalı kəndində araşdırmalar aparıblar.

DBNX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əmrah Şirinova məxsus şəxsi təsərrüfatlarda 128 baş xırdabuynuzlu heyvan saxlanıldığı və 2 baş xirdabuynuzlu heyvanın öldüyü, 5 başının isə zəifləmiş vəziyyətdə olması müəyyən edilib. Həmçinin araşdırmalar zamanı rayonun digər təsərrüfatlarında xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmayıb.

Təsərrüfatda ölmüş xırdabuynuzlu heyvanlarda aparılan patoloji-anatomik yarma zamanı heyvanların bağırsaqlarında moniezioz qurdlarının olması müəyyən edilib. Həmçinin tələf olmuş heyvanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəliklərinin törədiciləri aşkar edilib.

Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı"nda pasterellyoz xəstəliyi qeyd edilmədiyindən bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri heyvan sahibinin hesabına aparılır.

Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq təsərrüfatda saxlanılan 3 aylıqdan yuxarı 98 baş sağlam xırdabuynuzlu heyvanlar pasterellyoz əleyhinə vaksini ilə peyvənd edilib, dehelmintizasiya aparılıb, həmçinin təsərrüfatda dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri həyata keçirilib. Aparılmış peyvəndləmə və profilaktik tədbirlərdən sonra təsərrüfatda xırdabuynuzlu heyvanların ölümü dayanıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hal-hazırda respublikada heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR