“Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası qurumun bəzi üzvlərini yanlış məlumatlar yaymaqda ittiham edib

“Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası qurumun bəzi üzvlərini yanlış məlumatlar yaymaqda ittiham edib
# 02 fevral 2017 15:25 (UTC +04:00)

Bu gün “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının hazırkı və keçmiş Koalisiya Şurası, Monitorinq Qrupu və Çoxtərəfli Qrupda təmsil olunan üzvlərinin Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə Beynəlxalq İdarə Heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MSŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberq ilə görüşü keçirilib.

Koalisiyadan APA-ya verilən məlumata görə, görüş MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin təşəbbüsü ilə keçirilib və onlar tərəfindən təşkil olunub: “Bu görüş və aparılan müzakirələr barədə “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası adından təhrifolunmuş məlumatlar verilib. Eyni zamanda, görüş barədə açıqlama verilməsi də etik qaydaların pozulması kimi qiymətləndirilməlidir. Koalisiyada yaranmış vəziyyəti nəzərə alaraq görüşdə moderatorluq İnqilab Əhmədova həvalə olunub. Görüş barədə açıqlama verilməsi zərurəti var idisə, bunun İnqilab Əhmədov tərəfindən verilməsi daha düzgün olardı”.

Koalisiyadan bildiriblər ki, görüşdə Koalisiyanın Monitorinq Qrupunun üzvü Hafiz Həsənov çıxış edərək QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər və bununla əlaqədar Nazirlər Kabinetinin qərarları barədə məlumat verib: “Hafiz Həsənov qeyd edib ki, Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” qaydalarında dəyişikliklər edilməsi barədə qərarları qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır. Bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv olunur. Qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyata alınması imkanları yaranır. Eyni zamanda xarici donorlar tərəfindən qrantların verilməsi proseduru xeyli sadələşdirib. Müraciətə baxılması müddətləri 2 dəfəyədək azaldılıb. H. Həsənov bildirib ki, bununla belə, xarici donorların qrant verməsi və xarici donorlarla imzalanan qrant müqavilələrinin qeydiyyatı ilə bağlı qanunvericilikdə dəyişikliklər davam etməlidir. Koalisiya Şurasının keçmiş üzvü Taleh Əliyev Koalisiya Şurasının bir qrup tərəfindən inhisara alınmasına, siyasiləşməsinə diqqət çəkib. O, 6 nəfərdən ibarət bir qrupun Koalisiyada parçalanmanı dərinləşdirdiyini, Koalisiya üzvlərinin iradəsini nəzərə almadığını açıqlayıb. T. Əliyev əlavə edib ki, Azərbaycanla bağlı Koalisiya daxili münasibətlərə aydınlıq gətirilməsi üçün ikinci İslahedici Tədbirlər Planı hazırlanmasına ehtiyac var”.

Koalisiya Şurasının üzvü Əliməmməd Nuriyev rəhbər heyətin bir qrup üzvünün - 6 nəfərin qurumu siyasi mübarizə müstəvisinə çevirdiyini, qərarların qəbulu məsələlərində inhisar yaratmağa çalışdığını vurğulayıb: “Həmin qrupdakı şəxslər Koalisiya Şurası adından qəbul edilən qərarlar barədə Koalisiyaya məlumat vermirlər. Bəzi hallarda Beynəlxalq İdarə Heyətini ölkələrə münasibətdə cəza orqanı kimi də təqdim etməyə çalışırlar. İctimaiyyəti, vətəndaş cəmiyyətini və hökuməti, təhdid, şantaj etməyə səy göstərirlər. Bir qrup Şura üzvü tərəfindən verilən son bəyanatlar və müsahibələrdə bu elementlər açıq şəkildə ifadə olunur”.

Ə. Nuriyev MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvünün bu statusundan sui-istifadə etdiyini də diqqətə çatdırıb: “MSŞT üzrə beynəlxalq İdarə Heyətinin sədri F. Reinfeldt Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə məlumat verib, görüşün çox uğurlu və məhsuldar görüş keçdiyini bildirib. Prezidentlə görüşdə Azərbaycanın MSŞT ilə əməkdaşlığı sadiq olması bir daha vurğulanıb. Azərbaycanın gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpası üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Fredrik Reinfeldt deyib ki, bütün maraqlı tərəflər, o cümlədən vətəndaş cəmiyyəti MHŞT ilə əlaqədar fəaliyyətlərini sərbəst, azad həyata keçirməsi imkanına malik olmalıdır. Bildirib ki, insan hüquqları vacibdir, lakin MHŞT-nin mandatına daxil deyil. F. Reinfeldt Koalisiya daxilində yaranmış vəziyyətlə bağlı təəssüfünü ifadə edib”.

Koalisiyanın yaydığı açıqlamada qeyd edilib ki, MHŞT Beynəlxalq İdarə Heyətinin sədri bütün proseslər barədə məlumatlıdır, gedən prosesləri haqqında dolğun informasiyaya malikdir: “Görüş üçün qısa müddət ayrıldığından Koalisiyanın fəaliyyəti ilə bağlı bir çox məsələləri ətraflı müzakirə etmək mümkün olmayıb. Koalisiya Şurasının bir qrup üzvünün açıqlamaları və Şura adından bu cür təhrifolunmuş məlumatlar verməsi Koalisiyada parçalanmanı dərinləşdirməyə, qrup maraqlarının təmin olunmasına xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR