Salyanda ceyran ovu ilə məşğul olan daha iki nəfər tutulub - YENİLƏNİB

Salyanda ceyran ovu ilə məşğul olan daha iki nəfər tutulub - <span style="color: red;">YENİLƏNİB
# 26 dekabr 2016 12:41 (UTC +04:00)

Salyanda ceyran ovu ilə məşğul olan şəxslərlə bağlı yeni detallar məlum olub.

Şirvan Milli Parkının direktor əvəzi Elşən Məcidov APA-nın Mil-Muğan bürosuna bildirib ki, onlara Şirvan Milli Parkı ərazisində qanunsuz olaraq 1 baş diri ceyranın parkın mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun həyətyanı sahəsinə aparıldığı, onun mal-qara tövləsində saxlanılması barədə məlumat daxil olub. Bu barədə Salyan rayon Polis Şöbəsinin əməkdaşlarına məlumat verilib.

Məlumat əsasında dekabrın 24-də PŞ əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birlikdə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat zamanı Şirvan Milli Parkının əməkdaşları 1 baş ceyranı şərti alıcıya satarkən polis tərəfindən saxlanılıb.

Şirvan Milli Parkında yeger vəzifəsində işləyən Salyan rayonu Şəkərli kənd sakini Nəcəfov Səyyar Vəlixan oğlunun yaşadığı evin həyətindən 5 ədəd aşılanmış ceyran dərisi və 1 ədəd diri halda ceyran aşkar edilərək götürülüb. Səyyar Nəcəfov bildirib ki, onda aşkar olunmuş ceyran dərilərini, diri halda olan ceyranı Milli Parkın digər işçiləri Ağasıyev İntiqam İsmayıl oğlu və Rzayev İslam İrza oğlu ilə birlikdə qanunsuz olaraq ovlayıblar.

Həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində parkın gözətçiləri İntiqam Ağasıyev və İslam Rzayev də şübhəli şəxs qismində saxlanılıb. İntiqam Ağasıyevin həyətyanı sahəsinə baxış keçirilən zaman tövlədə müxtəlif vaxtlarda ovlanmış və aşılanmış 5 ədəd ceyranın dərisi, 5 ədəd ceyran buynuzu, İslam Rzayevin evindən isə qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilib.

Akt tərtib olunub, ceyran balası Şirvan Milli Parkına buraxılıb. Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.

Polisin bu gün keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin daha iki üzvü saxlanılıb. Onlar Şirvan Milli Parkının əməkdaşları, rayonun Həsənli kənd sakinləri - Seyfəli Süleymanov və onun oğlu Şaiq Süleymanovdur. Həyətyanı sahədəki tövləyə baxış keçirilən zaman 2 baş diri ceyran, 3 ədəd ov tüfəngi, patronla dolu daraq aşkarlanıb. Şaiq Süleymanov ceyranları Şirvan Milli Parkının yeger mühafizəçisi Səyyar Nəcəfovun saxlamaq üçün ona verdiyini deyib.

Polis əməkdaşları tərəfindən aşkarlanmış ov silahları və diri ceyranlar maddi sübut kimi götürülərək şöbəyə aparılıb. Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

***

saat 11.36

Azərbaycanda qanunsuz ceyran ovu ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hafiz Heydərov, Əlibəy Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR