Azərbaycanın baş konsulu İstanbulun Bəyoğlu bələdiyyəsinin başqanı ilə görüşüb

Azərbaycanın baş konsulu İstanbulun Bəyoğlu bələdiyyəsinin başqanı ilə görüşüb
# 26 noyabr 2016 14:40 (UTC +04:00)

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbulun mərkəzində yerləşən Bəyoğlu rayonunun bələdiyyə başqanı Əhməd Misbah Dəmircanla görüşüb.

Baş konsulluqdan APA-ya verilən məlumata görə, görüşdə Ə. Dəmircan FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdi zamanı Azərbaycan prezidenti İlham Əliyevin türk xalqının və Türkiyənin seçilmiş iqtidarının tərəfində olmasının ölkədə yüksək qiymətləndirildiyini bildirib.

İki ölkə arasındakı münasibətlərin formatını Heydər Əliyevin “Bir millət iki dövlət” düsturunun müəyyənləşdirdiyini deyən bələdiyyə başqanı bu düstur çərçivəsində münasibətləri dərinləşdirmək üçün İstanbulun Bəyoğlu bələdiyyəsi ilə Bakının rayonlarından biri arasında qardaşlıq müqaviləsi imzalamaq niyyətində olduqlarını bildirib.

M. Hacıyev isə iki qardaş ölkə arasındakı münasibətlərin Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri sayəsində çox inkişaf etdiyinə diqqəti cəlb edərək, münasibətlərin daha da inkişaf etdirilməsi üçün iki ölkənin bütün qurumları arasında əlaqələrin dərinləşdirilməsinin zəruri olduğunu vurğulayıb. “Bəyoğlu bölgəsinin İstanbulun turizm və sənət mərkəzlərindən biri olduğunu nəzərə alaraq, Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması üçün Bəyoğluda müxtəlif səpkili sənət və mədəniyyət tədbirlərinin təşkilini təklif edirəm”, - deyə baş konsul bildirib.

M. Hacıyevin bu təklifi Bəyoğlu bələdiyyə başqanı Ə. Dəmircan tərəfindən müsbət qarşılanıb.

Görüşdə baş konsulluğun konsulu Esmira Hüseynova da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR