Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalova və Ramil Səfərovun şikayətinə baxılıb.
APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçilər bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçilərin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.