AMB tender elan edilib

AMB tender elan edilib
# 18 noyabr 2016 07:14 (UTC +04:00)

Mərkəzi Bank (AMB) “Banklararası Kart Mərkəzi”nin (BKM) “Ödəniş Kartları Sahəsində Məlumat Təhlükəsizliyi Standartları”nın (Payment Card Industry Data Security Standards) 3.2 versiyasının tələblərinə (bundan sonra PCI DSS) uyğunluğu üzrə auditin həyata keçirilməsi və PCI DSS sertifikatının satınalınması üçün tender elan edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, tender təkliflərinin açılışı proseduru 20 dekabr 2016-cı il saat 15:00-da Mərkəzi Bankının inzibati binasında keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı yazılı müraciət, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətlərini, tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədi, tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı, tender təklifi qiymətinin 1%-i məbləğində bank təminatını, son 1 il üzrə maliyyə vəziyyəti barədə bank arayışını, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışı (xarici iddiaçılar tərəfindən məlumat), iddiaçının PCI DSS tələbləri çərçivəsində auditin keçirilməsi məqsədilə müvafiq QSA (Qualified Security Assessor) və ASV (Approved Scanning Vendor) sertifikatına malik olmasını, o cümlədən layihədə iştirak edəcək ən azı 1 PCI QSA statuslu audit mütəxəssisinin olmasını təsdiq edən sənədləri müvafiq quruma təqdim etməlidir. Tender üzrə müqavilə imzalandığı gündən xidmətin göstərilməsinə başlanılacaq.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 19 dekabr 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 9 dekabr 2016-cı il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Mərkəzi Bankının hesabına 300 manat məbləğində vəsait köçürməlidirlər. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın inzibati binasından Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR