İlyas Umaxanov: "Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə və əminliklə baxırıq"

İlyas Umaxanov: "Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə və əminliklə baxırıq"
# 29 may 2018 00:49 (UTC +04:00)

"Bu il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi sürətli templə artır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan mərasimdə çıxış edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə intensiv siyasi dialoq parlamentlər tərəfindən tamamlanır: “Hər iki ölkənin parlamentləri beynəlxalq parlament meydançalarında fəal əməkdaşlıq edərək ikitərəfli münasibətlərə böyük töhfə verirlər. Bu il ikitərəfli ticarətin həcmi sürətli templə artır. Enerji, nəqliyyat, innovasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində bir sıra iri strateji layihələrin reallaşdırılması ilə bağlı ciddi qarşılıqlı maraq var. Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri mövcuddur".

Senator çıxışında Azərbaycan və Rusiya arasında humanitar sahədə də əməkdaşlığın inkişafına diqqəti yönəldib: "Rusiyada Azərbaycandan 15 minə yaxın tələbə təhsil alır. Rusiyanın ali təhsil müəssisələrinin Azərbaycan filialları uğurla fəaliyyət göstərir".

Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iki ölkə arasında humanitar sahədə əməkdaşlığın bariz nümunəsi olduğunu söyləyən İ. Umaxanov növbəti forumun keçirilməsinə hazırlıq işlərinin görüldüyünü söyləyib: "Hazırda azərbaycanlı həmkarlarla növbəti, artıq VI foruma aktiv hazırlıq işləri aparılır. Forumun bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır. Bizim gələcəkdə böyük və konkret planlarımız var. Sentyabrda Gəncə şəhərində 9-cu Regionlararası Forum və Moskvada hökumətlərarası komissiyanın 17-ci iclası keçiriləcək. Biz, Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbinliklə və əminliklə baxırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR