Bakıda avtomobil oğurlanıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Xəbərə görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən, Ağcabədi rayon sakini B.Cavadovun qaçırdığı və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurduğu müəyyən edilib.
B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.