Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib

Avropa Azərbaycan Məktəbində Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib
# 17 fevral 2017 11:26 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbində (AAM) Beynəlxalq Ana Dili Günü tədbiri keçirilib.

AAM-dan APA-ya verilən məlumata görə, Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilən tədbirə müəllimlər, şagirdlər, valideynlər və məktəbə dəvət olunmuş qonaqlar - tanınmış mədəniyyət xadimləri – Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, əməkdar artist Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alıqızı qatılıblar.

AAM-in 2016-2017-ci dərs ilinə aid illik planlaşdırmasında nəzərdə tutulmuş “Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri olub.

Tədbirə hazırlaşarkən məktəbin şagirdləri Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə bacarıqlarını yaxşılaşdırmaq üçün mütaliə, ifadəli oxu, aktyorluq bacarıqlarının nümayişi istiqamətində müxtəlif fəaliyyətlərə cəlb olunublar. Nümunəvi çıxış edə bilən şagirdlər tədbir zamanı öz bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdiriblər.

Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri əməkdar müəllim H. Şahbəndəyev açıb. O bu əlamətdar günün tarixi, görüşün məqsədi haqqında məlumat verib. Görüşün sonrakı axarı məktəblilərin ixtiyarına verilib.

Əməkdar artist Azad Şükürov dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxış edib, “Yetim segah”ın sədaları altında müharibə acılarından bəhs edən şeir söyləyib.

Xəlil Rza Ulutürkün “Mənim dilim” şeirini ifa edən Aytac Aslanlının və Gülsüm Cəfərovanın çıxışı qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb.

İsmayılzadə Nur “Şirin dil” mahnısını ifa edərkən təkcə musiqi istedadını nümayiş etdirib, həm də dilimizə məhəbbətini öz müəllimləri və şagird dostları ilə bölüşüb.

Bədii qiraət ustası Məleykə Alıqızının Azərbaycan dilinə məhəbbət aşılayan çıxışı, tövsiyələri və ifaçılıq mədəniyyəti salondakılar tərəfindən hərarətlə alqışlanıb.

Səməd Vurğunun “Vaqif” pyesindən kiçik bir hissəni səhnələşdirən 6-7-ci sinif şagirdləri Qərib Hacıyev, Murad Hacıyev, Nihad Vəlili, Fəxri Qacar və Murad Əliyevin çıxışları olduqca gözəl təsir bağışlayıb.

Şagirdlərin natiqlik məharəti, nitq mədəniyyəti və aktyor sənəti haqqında suallarına qonaqlar tərəfindən əhatəli və səmimi cavablar verilib.

Tədbirə AAM-ın Kadrlar və İR üzrə direktoru Amalya Sezgin yekun vurub. O, qonaqlara AAM-da təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün təşəkkürünü bildirib.

Sonda müəllim və şagirdlərlə qonaqlar xatirə şəkilləri çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR