Tiflisdə 9 Aprel faciəsinin qurbanları anılıb

Tiflisdə 9 Aprel faciəsinin qurbanları anılıb
# 07 aprel 2017 21:24 (UTC +04:00)

Tiflisdə azərbaycanlı tələbələrin təşkilatçılığı ilə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində (TDU) 9 Aprel faciəsi şəhidlərinə həsr olunan tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib, Gürcüstanın himni səsləndirilib. Tədbiri TDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi Tovuz Gülməmmədova açaraq 9 Aprel qurbanları haqqında ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, faciə 1989-cu ilin aprelin 9-da, səhər saat 4.00-da Tiflis şəhərinin Rustaveli prospektində baş verib. Sovet Ordusunun əsgərləri sülh şəraitində keçən mitinqdə iştirak edən dinc əhaliyə hücum edib və 21 nəfər Gürcüstan vətəndaşlarının ölümü ilə nəticələnən qanlı faciə baş verib. Bir çox insanlar zəhərlənib, xəstəxanalara yerləşdiriliblər. Hadisə zamanı Gürcüstanın müstəqilliyini boğmaq və insanların azad toplantısına mane olmaq üçün əsgərlər tərkibi bilinməyən gözyaşardıcı və zəhərli qazdan və silahdan istifadə edib.

9 Aprel faciəsinə həsr olunan tədbirdə Gürcüstanın Ağsaqqallar şurasının sədri İshaq Novruzov, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidov, TDU-nun professorlarından Nana Qaprindaşvili və Tamar Berikania, azərbaycanlı və gürcü tələbələri çıxış edərək Gürcüstanın Müstəqilliyi uğrunda həlak olan faciə qurbanlarının adlarının Gürcüstan tarixinin şanlı səhifəsinə qanla yazıldığını bildiriblər.

Xatırladaq ki, 1989-cu ilin aprelin 9-da keçmiş SSRİ Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən Tiflisdə dinc əhalinin keçirdiyi mitinq dağıdılıb, nəticədə 21 nəfər həlak olub. İki il sonra 9 Aprel «Gürcüstanın Dövlət Müstəqilliyinin bərpası Günü» elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR