“Azərbaycan xalqı üçün ən mühüm əhəmiyyət kəsb edən, taleyüklü problemin həllində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti həlledici rol oynadı. Bundan sonrakı dövrdə bölgədə də sülh yalnız Azərbaycan Prezidentinin irəli sürdüyü konsepsiya əsasında mümkündür”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, Prezident İlham Əliyev güclü, öz xalqını dərindən sevən, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsi və xalqın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, xalqın sevgi və böyük dəstəyini qazanmış bir liderdir: “Vətən müharibəsində də Ali Baş Komandan şəxsi keyfiyyətləri ilə bir nümunə oldu. Belə Ali Baş Komandanın rəhbərlik etdiyi vətənpərvər Ordu çox qısa müddətdə - 44 gün ərzində 30 ilə yaxın müddətdə davam edən işğala son qoydu, Ermənistan kapitulyasiya aktına imza atmalı oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri də dünyada diqqət mərkəzindədir. Ermənistanın işğalı dövründə bu ərazilərdə bütün infrastruktur dağıdılıb, talan edilib. Hazırda isə Qarabağ və Şərqi Zəngəzurda planlı şəkildə sürətli bərpa və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qurucu, yaradıcı obrazı bir daha dünyaya təqdim edilir. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın mədəni irsə münasibətində kəskin fərqi də görməkdədir. Azərbaycanın multikultural dəyərləri, ölkəmizdə bütün xalqların və etnik azlıqların mədəni irsinin qorunub saxlanması, o cümlədən Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanılması hər kəsə məlumdur. Ermənistanın isə monoetnik dövlət olması, işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini, İslam irsinin dağıtması, digər xalqların mədəni irsinə münasibətdə barbar davranışı, vandalizm və dözümsüzlük siyasəti yürütdüyü göz önündədir”.
Komitə sədri qeyd edib ki, Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bölgədə davamlı sülh üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi imzalamasının zəruri olduğunu bir daha bəyan etdi: “Ancaq hələ də Ermənistanın və erməni cəmiyyətinin ya bu proseslərə hazır olmadığı, ya da bunun əleyhinə olduğu təəssüratı yaranır. Məsələn, müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da sağlamlığını itirib. Ermənistan Azərbaycana minaların xəritələrini vermir, son mərhələdə verilən xəritələrin dəqiqliyi isə cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Azərbaycan isə istəyir ki, Ermənistanla sülh müqaviləsi imzalansın, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanısın və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, bu günə qədər Ermənistandan müsbət cavab alınmayıb. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Bu isə böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlərsə, Azərbaycan da öz siyasətini buna uyğun şəkildə aparacaq. Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Eyni zamanda bu, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq. Ancaq Prezident İlham Əliyevin dediyi ki, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”.
Z. Əsgərov Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməz olduğunu vurğulayıb: “Ermənistanın silahlandırılması, o cümlədən Müdafiə Nazirliyinin 11 avqust tarixli açıqlamasında da qeyd edildiyi kimi, Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması heç nəyi dəyişməyəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir, hətta Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, insanların dəqiq sayı bilinir. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan, sayı 25 mindən az olan ermənilərin təhlükəsizliyi, ləyaqətli həyatı və bu torpaqlarda qalıb yaşamaları Azərbaycan Prezidentinin dediyi kimi, bizim cəmiyyətə inteqrasiyadan keçir. Əks təqdirdə, Ermənistanın hazırkı siyasətinin onun özü üçün çox ağır nəticələr verəcəyini proqnozlaşdırmaq elə də çətin deyil”.
Komitə sədri Azərbaycanın region ölkələrindən gözləntilərinin də bəlli olduğunu söyləyib: “Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Rusiyadan üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilməsini gözləyir. Ermənistan cəmiyyəti müharibənin nəticələrini qəbul etdiyi halda Rusiya Ermənistanı silahlandırmaqdan çəkinməli, Azərbaycanın narahatlıqlarını nəzərə almalıdır. İranda yeni formalaşan hakimiyyət də Azərbaycanla bağlı öz siyasətini ortaya qoymalıdır. Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə bu ölkədən yüklərin daşınması Azərbaycan cəmiyyətində narahatlıqla qarşılanır, bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi də İrana müvafiq nota verdi. Qardaş Türkiyəyə gəlincə, bu münasibətlər Vətən müharibəsində bir daha sınaqdan çıxdı. Türkiyədə bu yaxınlarda baş vermiş meşə yanğınlarının qarşısının alınmasında Azərbaycanın verdiyi hərtərəfli dəstək və yardım da qardaş ölkədə xüsusi rəğbətlə qarşılandı. Bu, iki qardaş ölkənin münasibətlərinin, birliyinin növbəti dəfə əməldə, işdə də öz əksini tapmasının bir nümunəsidir”.