Lənkəran Dövlət Universitetində “Məzun günü” keçirilib

Lənkəran Dövlət Universitetində  “Məzun günü”  keçirilib
# 30 iyun 2015 00:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Dövlət Universitetində (LDU) iyunun 29-da “Məzun-2015” adı altında tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov ali məktəbi bitirmələri münasibətilə məzunları təbrik edərək, bu il universiteti 13 ixtisas üzrə 248 nəfərin bitirdiyini bildirib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, universitetin ilk məzunu Asif İmanlı və digərləri çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, 20 illik təhsil dövründə universiteti 29 ixtisas üzrə 7 min tələbə bitirib.

Sonra fakültələr üzrə tələbə məzunların bədii yaradıcılıq quruplarının çıxışı olub. Müsabiqədə iştirak edən 100-dək tələbə bilik və bacarıqlarını nümayiş etdiriblər. Məzunların ifasında Vətən, tələbəlik haqqında mahnılar oxunub, şeirlər səsləndirilib, rəqslər, səhnəciklər ifa olunub.

Məzun günündə universitetin elmi, ictimai və mədəni həyatında fərqlənənlərə müxtəlif müsabiqələrin, o cümlədən mini futbol yarışlarının qaliblərinə fəxri fərmanlar, diplomlar və hədiyyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR