Türkiyə XİN: ABŞ-dan “Patriot” sistemlərinin satın alınması üçün danışıqlar davam edir

Türkiyə XİN: ABŞ-dan “Patriot” sistemlərinin satın alınması üçün danışıqlar davam edir
# 23 mart 2018 12:02 (UTC +04:00)

“Rusiya bizim təcili ehtiyacımızın qarşılanması üçün cazibədar təklif verdi və nəticədə bu ölkədən S-400 sisteminin alınması qərarlaşdırıldı. Lakin bu sistem müstəqil işləyəcək və NATO sistemlərinə inteqrasiya olunmayacaq. NATO ilə birlikdə çalışacaq bir sistem qurmaq hədəfimiz davam edir”.

APA-nın “Bloomberg HT”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy keçirdiyi brifinqdə deyib. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinin ay sonuna yaxın Türkiyəyə gələcəyi və “Patriot”larla bağlı Ankaraya rəsmi təklif irəli sürəcəyi barədə mediada yayılan xəbərlərə münasibətini bildirən H. Aksoy hələlik onlara bu barədə məlumatın çatdırılmadığını söyləyib.

Bununla yanaşı, Türkiyə XİN-in sözçüsü ABŞ-dan “Patriot” zenit-raket kompleksinin satın alınması üçün təmasların davam etdiyini açıqlayıb. İki ölkənin ümumi anlayışa sahib olduğunu və 8-9 mart tarixlərində Vaşinqtonda Suriya və PKK ilə mübarizə məsələlərinə dair birgə toplantılar keçirildiyini vurğulayan H. Aksoy nəzərdə tutulan növbəti toplantıların da baş tutmasını və ABŞ-dan gözlədikləri addımların atılmasını istədiklərini bildirib. O qeyd edib ki, Türkiyə XİN-in aparat rəhbəri, səfir Ümit Yalçın yaxın günlərdə, güman ki, gələn həftə ABŞ-a səfər edəcək.

ABŞ-dakı kadr dəyişikliklərinə toxunan H. Aksoyun sözlərinə görə, yeni dövlət katibi Mayk Pompeo siyasi təcrübəsi yüksək olan və Türkiyə-ABŞ əlaqələrinin önəmini dərk edən dövlət adamıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR