DGK-ya "Sınıq Körpü"nün inkişafına dəstək layihəsi çərçivəsində yeni avadanlıqlar təqdim edilib

DGK-ya "Sınıq Körpü"nün inkişafına dəstək layihəsi çərçivəsində yeni avadanlıqlar təqdim edilib
# 18 yanvar 2017 08:32 (UTC +04:00)

Bu gün Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı tərəfindən Dövlət Gömrük Komitəsinə (DGK) malların sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müvafiq olaraq müayinə edilməsi məqsədilə yeni avadanlıqlar təqdim olunub.

"APA-Economics" xəbər verir ki, təqdimat mərasimində DGK-nin sədri Aydın Əliyev, Aİ və BMT İnkişaf Proqramının nümayəndələri iştirak edib.

Yeni avadanlıqlar DGK-ya "Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində təqdim edilib.

Tədbirdə çıxış edən A. Əliyev bildirib ki, Azərbaycan gömrük xidməti 25 ildir uğurla fəaliyyət göstərir. O ilk illərdə gömrük sistemində mövcud olan çətinlikləri xatırladıb.

Onun sözlərinə görə, komitənin qarşısında duran 5 əsas məsələlərdən biri də beynəlxalq əməkdaşlıqları gücləndirməkdir.

A. Əliyevin sözlərinə görə, bu ilin yazında Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin inkişafı, sanitar və fitosanitar yoxlamaları gücləndirmək üçün yeni avadanlıqlar istifadəyə veriləcək. "Ümumilikdə bu layihənin dəyəri 1 milyon 330 min avrodur. Layihənin icrasına 2016-cı ilin aprel ayında başlanılıb və icra müddəti 2 ildir".

Xatırladaq ki, layihə Aİ-nin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və DGK tərəfindən birgə icra olunur.

Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin "Sınıq Körpü" sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

Təqdimat mərasimi zamanı "Gömrük-sərhəd buraxılış məntəqələrində sanitar-radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən və "İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi" (EXBS) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən DGK-ya bu günədək verilən avadanlıqların sərgisinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR