Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb

Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb
# 06 mart 2017 09:38 (UTC +04:00)

Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, inkişaf etmiş təhsil sistemlərinin təcrübəsindən aydın olur ki, dayanıqlı inkişafın təmin edilməsi baxımından təhsilin idarə olunması, çatdırılması və təkmilləşdirilməsində iştirak edən tərəflər arasında əlaqələr genişləndirilməli və işəgötürənlərlə sıx əməkdaşlıq qurulmalıdır.

İlkin mərhələdə iki sahə üzrə yaradılan Daimi Şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.

“Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. Bu şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur.

“Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaq. Bu şuranın rəhbəri isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir.

Daimi Şuralar Təhsil Nazirliyinin təsdiqlədiyi əsasnamələrə uyğun fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR