SOCAR 275 gəncin dünyanın nüfuzlu universitetlərində təhsilini maliyyələşdirib

SOCAR 275 gəncin dünyanın nüfuzlu universitetlərində təhsilini maliyyələşdirib
# 14 oktyabr 2016 13:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün SOCAR-ın baş ofisində Daxili Təqaüd Proqramının qaliblərinə plastik kartların və “Yay məktəbi-2016” iştirakçılarına sertifikatların verilməsi ilə bağlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, ali məktəb rektorları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın layihələri artıq Azərbaycanın yox, Avropanın 7-8 şəhərində keçirilir: “Bu layihələrdə SOCAR nəinki, iştirakçı kimi iştirak edir, hətta operatorluq edir. Bu işlərin görülməsində ən vacib amil kadr məsələsidir. 2006-cı il bu işlərin görülməsinə başladıqda kadr çatışmazlığı, dil biliklərinin olmaması kimi hallarla qarşılaşdıq. Artıq Azərbaycanda nəinki gənc mütəxəssislər, hətta fəhlə kadrları da hazırlanıb”.

İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirib ki, kadr potensialının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda neft-qaz ixtisasları üzrə təhsil alan tələbələr üçün reallaşdırılan Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 175 təqaüdçü “Gənc mütəxəssis” statusu ilə SOCAR-ın strukturlarında ixtisaslarına uyğun işlə təmin olunub. Onun sözlərinə görə, 2015-2016-cı tədris ili üzrə keçirilmiş müsabiqəyə isə 2026 əlaçı tələbə müraciət edib, onlardan 1571 nəfəri test imtahanında iştirak etmək hüququ qazanıb.

A. Bəkirli vurğulayıb ki, Daxili Təqaüd proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsi keçirilib və ümumilikdə 1918 tələbə SOCAR təqaüdünə layiq görülüb. İndiyədək SOCAR Təqaüd Proqramı üzrə 275 gəncin dünyanın nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib: “209 təqaüdçü təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və SOCAR-da fəaliyyət göstərir. Hazırda 32 təqaüdçü təhsilini davam etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR