Təfəkkür Universiteti Təhsil Nazirliyinin ali məktəblə bağlı verdiyi açıqlamaya münasibət bildirib

Təfəkkür Universiteti Təhsil Nazirliyinin ali məktəblə bağlı verdiyi açıqlamaya münasibət bildirib
# 18 sentyabr 2017 13:09 (UTC +04:00)

Təfəkkür Universiteti Təhsil Nazirliyinin ali məktəblə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Universitetin mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə bildirilib ki, universitetinin fəaliyyətinin dayandırılması barədə Təsisçilər Şurasının heç bir qərarı olmayıb: "Təsisçilərdən birinin isə universitetin fəaliyyəti barədə müraciətinin heç bir hüquqi əsası yoxdur. Universitetin yeni təsisçiləri bu barədə dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə də bildirib. Onlar universitetin fəaliyyətinin davam etdirilməsinə qərar veriblər, müvafiq vəsatət qaldırıb. Təhsil Nazirliyinin verdiyi universitetin hüquqi fəaliyyətinə əsas verən sənədin (lisenziya) müddəti 2020-ci ilin aprelinə qədərdir və hazırda da qüvvədədir. Universitetin akkreditasiya müddətinin bitməsinə gəldikdə isə bu məsələ Nazirlər Kabinetinin akkreditasiya ilə bağlı 28.09.2010-cu il tarixli 167 saylı qərarına riayət olunmaqla həyata keçirilməlidir, yəni təkrar akkreditasiya mütləq təyin olunmalıdır. Məlumat üçün bildiririk ki, təkrar akkreditasiyanın keçirilməməsinə universitet məsuliyyət daşımır və bunun bizdə oxuyan tələbələrə heç bir aidiyyəti yoxdur. Çünki universitetdə hazırda təhsil alan tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən universitetə qəbul edildikləri vaxt universitetin akkreditasiya sertifikatının müddəti qüvvədə olub. Ona görə “Təfəkkür Universitetində oxuyan tələbələrə diplom verilməyəcək fikri” – əsassızdır".

Müraciətdə bildirilib ki, müsahibəni tək tələbə və valideynləri yox, təhsili yaxşı bilən insanlar da oxuyurlar. Orada 190 tələbənin başqa universitetlərə köçürülməsi göstərilir: “"Bu tələbələrdən heç biri köçürülmə ilə bağlı universitetdən sənəd almadığından bu sayı sizdən eşidirik. Halbuki, Təhsil Nazirliyinin tələbələrin digər təhsil müəssisələrinə köçürülmələri ilə bağlı Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı qərarı ilə, Təhsil Nazirliyinin 24 iyul 2017-ci il tarixli 212 saylı əmri ilə təsdiq olunmuş qaydaların 2.6 bəndinə əsasən tələbə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət edərkən, təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd – akademik transkripti, universitetə qəbul olunarkən topladığı bal , təhsil haqqı borcunun olmaması və s. kimi sənədlər təqdim etməklə, ərizəsi qəbul edilməlidir. Köçürülmələrlə bağlı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş qaydaların 2.7 bəndində qeyd edilir ki, tələbə tərəfindən təqdim olunan yuxarıda göstərilən sənədlər Təhsil Nazirliyində yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Bu belədirsə, onda 190 nəfər tələbə universitetdən heç bir sənəd götürüb nazirliyə təqdim etmədiyi halda, hansı əsasla başqa universitetlərə köçürülür?" - deyə bildirilib”.

Universitet hesab edir ki, nazirlik əmrdə yuxarıda qeyd olunan tələblərin kim tərəfindən pozulduğunu araşdırıb, müvafiq tədbir görəcək. Nazirliyin köçürülmələrlə bağlı təsdiq etdiyi qaydaların 1.4 bəndində konkret olaraq qeyd olunur ki, tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir: "Müsahibədə isə qeyd olunur ki, Təfəkkür Universitetinin tələbələrinin köçürülməsinə əlavə vaxt verilir. Nə səbəbdən? Qeyd olunanların hamısı məqsədyönlü şəkildə nazirliyin bəzi əməkdaşlarının apardığı işlərdir ki, tələbə və valideynlər caşqınlığa düşərək, başqa universitetlərə keçsinlər. “Təfəkkür universiteti bağlanıb, və ya bağlanır, sizə diplom verilməyəcək, tez saytımıza müraciət edin, başqa heç bir sənəd istəmirik, ərizə kifayətdir və s.” Bu yazılar onlarla tələbələrimizin bizə ərizə ilə müraciətlərindən götürülüb. Onlar başqa universitetlərə keçmək istəmirlər, lakin aparılan təbliğat tələbələri və valideynləri çaşqınlığa salıbdır. Qeyd olunanlarla bağlı nazirliyin bəzi əməkdaşlarının hərəkətləri barədə biz 11.08.2017-ci ildə Təhsil Nazirliyinə və 17.08.2017-ci ildə Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə müraciət etmişik. Bir vacib məsələyə də toxunmaq istərdik. Məlumatımızın əvvəlində qeyd etdiyimiz kimi keçmiş təsisçilərdən birinin universitetin fəaliyyətinin dayandırılması ilə əlaqədar Təhsil Nazirliyinə göndərilən heç bir hüquqi əsası olmayan məktubuna əsasən nazirlik universitetin fəaliyyətinin dayandırılması, təkrar akkreditasiyadan keçirilməməsi, tələbələrin digər ali məktəblərə köçürülməsi və s. məsələlər barədə verdiyi 15.11.2016-cı il tarixli 724 saylı və 12.01.2017-ci il tarixli 16 saylı əmrlərin icrası 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qərarı ilə dayandırılıb və bu qərar Bakı Şəhər Apellyasiya Məhkəməsinin 14.09.2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanıb. Bununla əlaqədar hazırda tələbələrimizin digər ali təhsil müəssisələrinə köçürülmələri qanunsuzdur. Bütün hallarda məhkəmənin qərarlarına hörmətlə yanaşılmalıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası hamı üçün mütləqdir və məcburidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR