Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə İraqın neft naziri Adil Abdulmahdinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev bu səfərin Azərbaycan-İraq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini qeyd edib.
İraqlı nazir neft-qaz sektorunun Azərbaycan və İraqın iqtisadiyyatında önəmli yer tutduğunu, hər iki dövlətin bu sahədə yüz ildən artıq təcrübəyə malik olduğunu bildirib. Nazir dünyada sənaye üsulu ilə ilk neftin Azərbaycanda çıxarılması haqqında məlumatlı olduğunu söyləyib, İraqda ilk neft quyusunun ötən əsrin əvvəllərində qazıldığını diqqətə çatdırıb. Qonaq səfər əsnasında Azərbaycanda gedən sürətli inkişafın şahidi olduqlarını və SOCAR-ın bu inkişafın önündə getdiyini vurğulayıb.
R. Abdullayev Azərbaycanın zəngin sərvətlərinin uzun müddət xalqa xidmət etmədiyini, yalnız Heydər Əliyevin yeni neft strategiyası həyata keçirildikdən sonra xalqımızın bu sərvətlərin sahibinə çevrildiyini söyləyib, ötən 20 ildə qalibiyyətli neft strategiyası çərçivəsində qazanılan uğurlardan danışıb.
Daha sonra qonaq İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında məlumat verib, qarşıda duran əsas vəzifələrdən danışaraq, infrastrukturun yenilənməsinin prioritet olduğunu vurğulayıb, bu sahədə böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb. O, R. Abdullayevin bir müddət əvvəl İraqa səfəri zamanı başlanmış dialoqun inkişaf edərək, əməli nəticələr verəcəyinə əmin olduğunu bildirib.
SOCAR prezidenti əməkdaşlıq üçün geniş fəaliyyət imkanlarının mövcud olduğunu qeyd edib, şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını deyib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.