QHT-lərə Dövlət Dəstəyi Şurası “Freedom House” təşkilatının hesabatı ilə bağlı bəyanat verib

QHT-lərə Dövlət Dəstəyi Şurası “Freedom House” təşkilatının hesabatı ilə bağlı bəyanat verib
# 17 dekabr 2012 13:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Freedom House” təşkilatının illik hesabatında Azərbaycan həqiqətlərinin təhrif olunması ilə bağlı bəyanat verib.

Şuradan APA-ya daxil olan bəyanatda qeyd olunub “Freedom House” təşkilatı illik hesabatında Azərbaycanı “qeyri-azad” ölkələr sırasına daxil etməklə növbəti dəfə bəzi qərb dairələrinin ikili standartlar oyununa özünün sadiqliyini bildirib: “Dünyanın müəyyən qüvvələri tərəfindən region dövlətlərinə qarşı təcavüz aləti kimi istifadə olunan oyuncaq Ermənistanı “qismən azad” ölkələr sırasına qatmaqla “Freedom House”, əslində, hansı məqsədlərə xidmət etdiyini aydın göstərir. Guya Azərbaycanda sərbəst toplaşma, ifadə azadlığının, internetdən istifadənin məhdudlaşdırılması, bloqqerlərin həbs edilməsi, həbsxanalarda vəziyyətin dözülməzliyi və məhbuslara işgəncə verilməsi və sair bu kimi cəfəng fikirlərlə dünyada ölkəmizin mənfi obrazını yaratmağa çalışan bu qurumum hesabatı, mahiyyət etibarilə, Azərbaycana düşmən mövqeyindən yanaşan bəzi ermənipərəst Avropa deputatlarının ittihamlarından əsla fərqlənmir. Onlar Azərbaycanda insan haqlarının deyil, öz siyasi və iqtisadi maraqlarının keşiyində durmaqda davam edirlər. Əks təqdirdə, ərazisinin iyirmi faizi ermənilər tərəfindən işğal edilən, bir milyon qaçqını olan ölkənin qarşısında duran əsas problemə də heç olmasa bircə dəfə diqqət yönəldərdilər. Azərbaycan sürətlə inkişaf edir və xalqımız öz problemlərini özü həll etməyə çalışır. Respublikamızda insan haqları ilə bağlı, demokratik təsisatların formalaşması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, həbs yerlərinin beynəlxalq standart və normalara uyğunlaşdırılması sahəsində son illər çox ciddi irəliləyişlər əldə edilib”.

Bəyanatda daha sonra bildirilir ki, Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən minlərlə qurum insan haqları, azadlıq və demokratiya sahəsində dünyanın hər bir ölkəsində təsadüf edilən, lakin “Freedom House” təşkilatının qərəzli mövqedən çıxış edərək Azərbaycana qarşı səsləndirdiyi bəzi nöqsanların da aradan qaldırılmasına çalışır. Şura “Freedom House” təşkilatının böhtan xarakterli hesabatını qəti şəkildə pislədiyini bəyan edib, ölkə QHT-lərini Azərbaycan əleyhinə məqsədyönlü şəkildə aparılan belə kampaniyalara qarşı birləşməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR