AMEA-nın Tarix İnstitutu orta məktəblərdə tarix dərsliklərinin təkmilləşdirilməsini təklif edib

AMEA-nın Tarix İnstitutu orta məktəblərdə tarix dərsliklərinin təkmilləşdirilməsini təklif edib
# 19 noyabr 2012 09:11 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu orta məktəblərin tarix dərsliklərinin təkmilləşdirilməsini təklif edib.

APA-nın xəbərinə görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, tarix dərsliklərinə Azərbaycan tarixinin bir sıra mühüm məqamları əlavə edilməlidir: “Az vaxt ərzində orta məktəblərin tarix dərsliklərinin yaradılması çox böyük nailiyyətdir. Amma bu dərsliklər təkmilləşdirilməlidir. Biz sovet dövründə təhrif olunmuş tariximizi yenidən yazırıq. Soyqırım, Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, bizim tarixi İrəvan xanlığı ərazisində Ermənistan dövlətinin yaranması - bütün bu məsələlərin hamısını yenidən araşdırırıq. Bu məqamların hamısı tarix dərsliklərinə əlavə edilməlidir. Zaman-zaman dərsliklərimiz təkmilləşdirilməlidir. Buna böyük ehtiyac var”.

Y.Mahmudov deyib ki, hazırda institutun alimləri dünyanın müxtəlif ölkələrində - Almaniya, Rusiya, Hindistan və Türkiyədə Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımlarla bağlı araşdırmalar aparırlar: “İndi əlimizdə tariximizlə bağlı yüz minlərlə sənəd var. Bu sənədlər işləndikcə, tariximiz yenidən yazılacaq. Ümid edirəm ki, bu sənədlər tariximizə böyük yeniliklər gətirəcək. Təhrif olunmuş tariximizi bir kənara qoyaraq yeni tariximizi yazacağıq. Artıq 3 cildlik yeni Azərbaycan tarixinin yazılmasına başlamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR